Lerik rayonunun Çayrud kənd orta məktəbi şəhid Elşən Səfərovun adını daşıyır. Elşən kəndin ilk şəhididir. 4 avqust 1970-ci ildə dünyaya göz açan bu Vətən sevdalısı Birinci Qarabağ müharibəsində könüllü cəbhəyə getmişdi. 6 yanvar 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə 23 yaşında şəhidlik zirvəsinə ucalıb. Həmin döyüşlər zamanı yaralı yoldaşlarını döyüş meydanından çıxararkən başına snayper gülləsi dəyib. Doğma Çayrud kəndində torpağa tapşırılıb.

Elşən Səfərovun canından artıq sevdiyi Vətən yolunda şəhid olmağı el-obasına başucalığı gətirib. Bu günlərdə “Səssiz dünya” işarət dilində danışan əlillərə və idmançılara dəstək İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” layihəsinin icrasına başlayıb. Birliyin sədri Aidə Səfərova bildirdi ki, layihə çərçivəsində Elşən Səfərovun həyat və döyüş yolundan qısametrajlı sənədli film çəkiləcək. Layihənin icrası noyabrın 1-dək nəzərdə tutulub.

Zəfər Orucoğlu