İşğaldan azad olunan ərazilərdə dövlətimiz tərəfindən əsaslı bərpa və quruculuq işləri aparılır. Ən mühüm məsələ ərazilərin minalardan təmizlənməsidir. Bu, çox vaxt və maliyyə tələb edən məsələdir. Minalar təmizlənməlidir ki, insanlar evlərinə qayıda bilsinlər. Artıq Zəngilanın Ağalı kəndində yaşayış var.

Görüləcək işlər hələ çoxdur. Nəqliyyat-kommunikasiya xətlərinin, yolların tikilməsi, xəstəxanaların inşa edilməsi, ümumiyyətlə, infrastrukturun yaradılması mərhələli şəkildə həyata keçirilir. 2022-2026-cı illəri əhatə edəcək birinci mərhələdə 66 min məcburi köçkünün öz evlərinə qayıtması planlaşdırılır.

Bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov sentyabrın 28-də Bakıda keçirilən Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

O diqqətə çatdırıb ki, 2020-ci ilin noyabrından indiyədək 530 milyon kvadratmetr ərazi (530 kvadrat kilometr – red.) minadan təmizlənib: “Həmin ərazilərdən 66 mindən çox mina və partlamamış sursat aşkar edilib. Xatırladaq ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ümumi sahəsi 10 min kvadrat kilometrə yaxındır.

Bu tədbirin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesinə töhfəsini verəcəyinə inandığını bildirən A.İmanov deyib ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq proseslərinin sürətləndirilməsi işində beyin mərkəzlərinin təşəbbüsləri və verəcəyi töhfələr çox vacibdir.