Sentyabrın 29-da Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun yerli və əcnəbi iştirakçıları işğaldan azad olunmuş ərazilərimizə səfər ediblər.

Forum iştirakçıları əvvəlcə Füzuli rayonunun Merdinli kəndində dağıdılmış məscidə baxıblar.

Məlumat verilib ki, Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Merdinli kəndidir. Köndələnçayın sahilində yerləşən bu kənd 1993-cü ildə ermənilər tərəfindən işğal edilərək dağıdılıb. Kənd 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Erməni vandalları 27 il ərzində kəndi talayıb, bütün evlər, sosial obyektlər dağıdılıb. Düşmən kənddəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb – məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun yerli və əcnəbi iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə də tanış olublar. 2021-ci ildə inşa olunan hava limanı barədə ətraflı məlumat verilib.

“İşğaldan azad olunmuş ərazilərə ilk dəfə səfər edirik. Füzulidə məscidi, dağıdılmış qəbiristanlığı və evləri gördük. Burada gördüklərimiz insana qəmginlik verir. Bu ərazilərin yenidən necə dirçələcəyini düşünürdük. Lakin Füzuli Beynəlxalq Hava Limanını gördükdən sonra hər şeyin daha gözəl olacağını deyə bilərik” – Avrasiya Araşdırmalar Mərkəzinin (Türkiyə) direktoru səfir Alev Kılıç təəssüratını belə ifadə edib.

Qeyd edək ki, sentyabrın 28-də Bakıda keçirilən Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun əsas məqsədi beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və dövrün tələbələrinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında kommunikasiyanın və əməkdaşlığın qurulmasını təmin etməkdir. Forumda yerli və xarici beyin mərkəzlərinin təmsilçiləri ilə yanaşı, müxtəlif dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Forumda “Azərbaycanda beyin mərkəzləri və onların qarşısında duran məsələlər”, “Vətən müharibəsindən sonra Cənubi Qafqaz evinin qurulmasına xidmət edən sülh prosesində beyin mərkəzlərinin rolu”, “Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, iqtisadi inkişaf və Böyük Qayıdışla bağlı beyin mərkəzlərinin töhfələri” və “Qloballaşan dünyada milli kimliyin qorunması problemi” mövzularında panel iclasları keçirilib.

Forumda çıxış edən Prezident Administrasiyası Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova diqqətə çatdırıb ki, son illər Azərbaycanda beyin mərkəzi kimi fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatlarının sayı artmaqdadır. Hazırda QHT statusunda fəaliyyət göstərən beyin mərkəzlərinin sayı 30-a yaxındır. Onlardan 20-yə yaxını dövlətlə sıx əməkdaşlıq edənlər, digər 10-a yaxını isə tam müstəqil və ya siyasi qüvvələrə bağlıdır.

“Hazırda bizim qarşımızda postmünaqişə problemlərinin həlli, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və ora məcburi köçkünlərin qayıdışı kimi ciddi çağırışlar durur. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlər aparılır. Bu proses özlüyündə beyin mərkəzləri üçün əvəzedilməz tədqiqat mövzusu və fəaliyyət istiqamətidir”, – deyə S.Yusifova bildirib.