Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

BXA-dan verilən məlumata görə, tədbirdə rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə, akademiyanın tələbə-müəllim və şagird heyəti iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalçılarından azad edərək tarixi Zəfərə imza atıb, ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Əllərində Azərbaycan bayrağı və Vətən müharibəsi şəhidlərinin şəkillərini tutan BXA-nın tam orta təhsil pilləsinin şagirdləri şeirlər söyləyiblər. Daha sonra “Şuşa, sən azadsan!” filmi nümayiş etdirilib.