Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 28-də Şuşa şəhərində yeni inşa olunan, eləcə də əsaslı təmir-bərpa edilən bir sıra obyektlərdə işlərin gedişi ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şəhərdə yeni yaşayış kompleksinin tikintisi barədə məlumat verib. Bildirilib ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Ümumilikdə 450 mənzil nəzərdə tutulan yaşayış kompleksində binalar 3 və 5 mərtəbəli olacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Prezident və birinci xanım Şuşada hotel və konfrans mərkəzinin inşaat işləri ilə də tanış olub. Ümumi ərazisi 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəzdə 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar, mağazalar, yeraltı və yerüstü avtodayanacaqlar və digər zəruri infrastruktur yaradılacaq.

Şuşa hotel və konfrans mərkəzinin inşası şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi zəngin mədəni həyatına qovuşması üçün aparılan bərpa-quruculuq işlərində mühüm yer tutur. Qədim dövrdə Böyük İpək Yolunun əsas qovşaqlarından biri olan Şuşa Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu məqsədlə şəhərdə karvansaralar tikilirdi. Hotel və konfrans mərkəzi də karvansara konsepti əsas götürülərək müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib. Xarici görünüşündə milli memarlıq elementləri tətbiq olunacaq.

Dövlət başçısı və birinci xanım Prezidentin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin binasında da olublar. Bildirilib ki, bina 1970-ci illərdə inşa edilib. Burada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb. Binada ümumilikdə 41 iş otağı var. Burada əməkdaşların yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb.

Şuşada bərpa işçləri görülən tarixi tikililərdən biri də Mehmandarovların malikanə kompleksidir. Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə məlumat verib. Bildirilib ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.

Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri 2021-ci ilin oktyabrında başlanıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri bərpa edilib.

Eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bu işlər ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və “Güldəstə”sini də əhatə edir. Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib.

2023-cü ildə yekunlaşdırılması planlaşdırılan təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyasının qurulması nəzərdə tutulur. Muzeyin ekspozisiyası özündə bir şuşalının evini təcəssüm etdirəcək. Burada ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan, evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq otağı, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.

Şuşa şəhərində XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas olan tərzdə inşa edilmiş və hazırda bərpa olunan üç yaşayış binasının hotel kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu binalar işğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmışdı. Bu ilin mayından başlayan bərpa işləri yekunlaşdıqdan sonra istifadəyə veriləcək hotelin interyeri autentik üslubda olacaq. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb. Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanıb. Təmir-bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Şuşada 1 saylı tam orta məktəbin binasının tikintisi sürətlə davam etdirilir.   Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib ki, ümumi tikinti sahəsi 4300 kvadratmetrə yaxın olan yeni məktəb binasının inşaat işlərinə 2021-ci ilin oktyabrında başlanılıb. Məktəb 960 şagird yerlikdir.

Dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verilib.