160 ölkədən nümayəndələrin qatıldığı konfransda dünya mədəniyyətinin aktual mövzuları müzakirə edilir

 

Sentyabrın 28-də Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexikoda UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı (“Mondiacult – 2022”) işinə başlayıb. Tədbirə 115 ölkədən yüksək səviyyəli rəsmilər olmaqla, ümumilikdə 160 ölkədən nümayəndə heyəti qatılıb.

Konfransda mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti iştirak edir.

Sentyabrın 30-da başa çatacaq konfransda “İrs və  mədəni müxtəliflik böhran dövründə”, “Yenilənmiş və gücləndirilmiş mədəniyyət siyasəti”, “Mədəniyyət dayanıqlı inkişaf üçün”, “Yaradıcı iqtisadiyyatın gələcəyi” mövzularında müzakirələr aparılır.

Nazir Anar Kərimovun çıxışı “İrs və mədəni müxtəliflik böhran dövründə” mövzusuna həsr olunub. Konfrans çərçivəsində nazirin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Anar Kərimov konfransda iştirak edən Macarıstanın mədəniyyət məsələləri üzrə dövlət katibi Piter Hoppalla görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksələn xətlə inkişaf etdiyi, bu əməkdaşlığı tənzimləyən müqavilə bazasının daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd olunub.

Bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. Macarıstanın Vesprem şəhəri isə gələn il “Avropanın Mədəniyyət Paytaxtı” olacaq. Bu baxımdan iki şəhər arasında birgə mədəni layihələr həyata keçirilə bilər.

Görüşdə eyni zamanda Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində təşəbbüs və tədbirlərinə Macarıstanın dəstəyi və iştirakının vacibliyinə diqqət çəkilib, UNESCO çərçivəsində fəaliyyətlərdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.