Bakıda İslam dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) 11-ci Beynəlxalq müsabiqəsi keçirilir.

“Kainat” Gənclik Mərkəzinin layihəsi olan müsabiqənin əsası 2012-ci ildə qoyulub. Ötən illərdə müsabiqə əhatə coğrafiyasını genişləndirərək gənc istedadların böyük səhnəyə doğru yolunda mühüm rol oynayıb. Layihənin əsas tərəfdaşı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir. Eyni zamanda, ISESCO və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası müsabiqəyə dəstək göstərməklə layihənin uzunömürlü olmasına təkan verib.

Pandemiya ilə əlaqədar 2020 və 2021-ci illərdə onlayn formatda həyata keçirilməsinə baxmayaraq, İslam dünyası ölkələrində müsabiqəyə maraq artan tendensiyada davam edir.

Bu il layihə yenidən ənənəvi şəkildə klassik musiqisevərlərin görüşünə gəlib. Təşkilat komitəsinə 100-dən artıq iştirakçı ərizəsi daxil olub və 80-ə yaxın gənc istedad iki yaş qrupu (böyük və kiçik) üzrə keçirilən dinləmələrə buraxılıb.

Müsabiqəyə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası (Başqırdıstan), İran, Türkmənistan, Özbəkistan və Qazaxıstandan ifaçılar qatılıb.

Hər ölkəni 2 gənc istedad və 1 mütəxəssis (beynəlxalq münsiflər heyətinin üzvü kimi) təmsil edir. Münsiflər heyətinin sədri Azərbaycanın Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundovadır. 

İslam dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) 11-ci Beynəlxalq müsabiqəsinin  finalı sentyabrın 30-da Bakı Musiqi Akademiyasında keçiriləcək.