Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında cari repertuardakı tamaşaların nümayişi ilə bərabər, bir neçə yeni tamaşanın quruluşu üzərində də iş gedir.

Oktyabrın 2-də teatrın səhnəsində Vasif Adıgözəlovun “Natəvan” operası nümayiş olunacaq. Tamaşa Xan qızının 190 illik yubileyinə həsr olunub.

"Natəvan" operası teatrda ilk dəfə 2003-cü ildə səhnələşdirilib. Libretto müəllifi Nazim İbrahimovdur. Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Özbəkistanın Xalq artisti Firudin Səfərov, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, səhnə tərtibatçısı Xalq rəssamı Tahir Tahirovdur.

Teatrın balet truppası isə iki yeni quruluş üzərində çalışır.

Oktyabrın 8-də Aqşin Əlizadənin “Babək” baletinin yeni quruluşda premyerası olacaq. Budəfəki nümayiş xalq qəhrəmanının yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi ilə yanaşı, 44 günlük müharibədəki şanlı Zəfəri də ehtiva edir.

Tamaşanın quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Balet tamaşasını dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Haşımov idarə edəcək. Əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Babək), Cəmilə Kərimova (Alnisə), Makar Ferştandt (Əmir) və truppanın aparıcı solistləri Ayan Eyvazova (Pərişad) və Seymur Qədiyev (Cavidan) ifa edəcəklər.

Bundan əlavə, teatrda Adolf Adanın “Korsar” baletinin tamaşası hazırlanır. Nümunənin mövsümün sonuna kimi təqdimatı nəzərdə tutulub.