Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar ulu öndər Heydər Əliyevin AMM-nin qarşısındakı abidəsi və “Şəhidlər bağı”ndakı memorial lövhə önünə gül dəstələri düzüblər.

Tədbir iştirakçıları AMM-nin foyesində Anım Günü ilə bağlı "44 gün: qəhrəmanlıq, zəfər və azadlıq" adlı kitab və foto sərgiləri ilə tanış olublar.

AMM-nin direktoru Samir Abbasov mərasimdə çıxış edərək 44 günlük Vətən müharibəsi, torpaqlarımızın Ermənistan işğalından azad olunması, Azərbaycan əsgər və zabitlərinin yazdığı qəhrəmanlıq salnaməsi haqqında danışıb, 27 sentyabrın xalqımız üçün həm kədərli, həm də qürurlu bir tarix olduğunu vurğulayıb. Bildirib ki, bu tarix 30 ilə yaxın Ermənistan işğalı altında olan Vətən torpaqlarının azadlığına gedən yolun başlanğıcıdır.

Çıxış edən digər natiqlər – Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin rəhbəri Ruslan İmanzadə, alim Rano Kadırova, jurnalistlər Şərafəddin Tulaqanov, Xosiyat Rüstəm, Firuza Najmiddinova və başqaları Ermənistanın işğalçılıq siyasətinin regionda yaratdığı faciələrdən söz açıb, Azərbaycanın şəhər və kəndlərinin yer üzündən silinməsi, tarixi abidələrin dağıdılması, ərazilərin minalanması, bir milyona yaxın azərbaycanlının 30 ilə yaxın qaçqınlıq həyatı yaşamasına görə Ermənistan dövlətinin məsuliyyət daşıdığını və cavab verməli olduğunu bildiriblər.

Sonra 44 günlük Vətən müharibəsi ilə bağlı AMM tərəfindən hazırlanan videomaterial nümayiş olunub. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələri Azərbaycan şəhidlərinə həsr olunmuş şeir kompozisiyasını təqdim ediblər.