Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Təşkilatının Macarıstandakı ofisinin rəhbəri Yanoş Hovari ilə görüşüb.

Fonddan bildirilib ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr, eləcə də təşkilatın yaxın aylarda baş tutacaq tədbirlərindən bəhs edib. Fondun prezidenti ortaq məqsədlər istiqamətində Türk Əməkdaşlıq Təşkilatlarının daha sıx tərəfdaşlıq etməsinin önəmini vurğulayıb.

Yanoş Hovari Fondun türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi, türk xalqlarının mədəni dəyərlərinin, tarixi irsinin beynəlxalq miqyasda təbliği istiqamətində fəaliyyətini, eləcə də təşkilatın üzv və qeyri-üzv dövlətləri arasında körpü rolunu oynadığını təqdir edib.

Ölkəmizə, o cümlədən Qarabağa və Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər təəssüratından söz açan Yanoş Hovari 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olacaq bu şəhərlə “Avropanın mədəniyyət paytaxtı” missiyasını daşıyacaq Macarıstanın Vesprem (Veszprém) şəhəri arasında mümkün tədbirlər barədə fikirlərini bölüşüb.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Macarıstanın Azərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman ilə də görüş keçirilib. 

Fondun prezidenti Günay Əfəndiyeva Tamaş Yojef Tormanı yeni təyinat münasibətilə təbrik edib, onun diplomatik fəaliyyətinin təşkilatın müşahidəçi ölkəsi Macarıstanla münasibətlərin daha da inkişaf etməsində mühüm rol oynayacağına inandığını deyib. Günay Əfəndiyeva təşkilatın fəaliyyəti və layihələri barədə də söz açaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstanın əməkdaşlığı çərçivəsində gələcəkdə daha çox birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib.

Səfir Tamaş Yojef Torman Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirib və fəaliyyəti dövründə təşkilatın layihələrinə dəstək verəcəyini bildirib. Səfir eyni tarixi köklərdən gələm macar və türk xalqlarının tarixinin, mədəniyyətinin təbliği yönündə əlaqələrin gücləndirilməsinin önəmindən danışıb.

Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.