Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Quba Soyqırımı Memorial Kompleksinin ərazisində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli oktyabrın 3-də Quba Soyqırımı Memorial Kompleksində olub, əraziyə baxış keçirib. Məlumat verilib ki, Dövlət Xidməti, rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumlarının operativ müdaxiləsi nəticəsində tikinti işləri dayandırılıb.

Azad Cəfərli diqqətə çatdırıb ki, kompleksin ərazisində həyata keçiriləcək hər hansı bir fəaliyyət ancaq qanunvericiliyin tələbləri çərçivəsində icra oluna bilər. Mühafizə zonasında kompleksin fəaliyyət istiqamətindən kənar  hər hansı bir hərəkət yolverilməzdir.

Xidmət rəisi bildirib ki, məsələnin həlli ilə bağlı müvafiq məhkəmə instansiyalarına da müraciət edilməsi istisna deyil.

Azad Cəfərli Soyqırımı Memorial Kompleksinin fəaliyyəti, yaranacaq bu cür halların operativ şəkildə aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib.