Ana dilimizdə yazılan əsər Osmanlı şahları Sultan Səlim və Qanuniyə ithaf olunub

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Orta əsrlər Azərbaycan şairi Şəmsəddin Şəmsin (XV-XVI əsrlər) indiyədək ədəbiyyat tariximizə məlum olmayan "On quş" ("Dəh mürğ") poemasının 5 əlyazma nüsxəsini əldə edib.

Təzkirələrdə verilən məlumata görə, Dərviş Şəmsi adı ilə də tanınan şair Azərbaycanda doğulub, sonralar Türkiyəyə köçüb.

Şair poemanı əvvəlcə Osmanlı imperatoru Yavuz Sultan Səlimə (1470-1520), onun ölümündən sonra isə düzəlişlər edərək Sultan Süleyman Qanuniyə (1494-1566) ithaf edib.

İran şairi Fəridəddin Əttarın "Məntiq üt-teyr" poemasının təsiri ilə Azərbaycan dilində yazılmış “On quş” əsərinin əlyazmalarının surətlərindən ikisi Paris Milli Kitabxanasından, biri ABŞ-ın Konqres Kitabxanasından, biri İstanbul Universiteti kitabxanasından, digəri isə Almaniyanın Leypsiq Universiteti kitabxanasından əldə olunub.
Aşkara çıxarılan materialların elektron versiyası ilə Əlyazmalar İnstitutunun oxu zalında tanış olmaq mümkündür.