Sərginin iştirakçı ölkələri 4 qitəni əhatə edir

 

Kitab mütaliə vasitəsi, insanın ən vacib ünsiyyət imkanı olmaqla yanaşı, həm də hər bir xalqın mənəvi sərvəti, tarixi yaddaşının saxlanc yeridir.

Respublikamızda kitab sənətinin, nəşriyyat-poliqrafiya sənayesinin inkişafı və son illər bu sahədə görülən işlərin, reallaşan ardıcıl layihələrin nəticəsidir ki, bu gün kitabla bağlı hər hansı tədbir artıq ictimai maraq kəsb edən hadisələr sırasındadır. Ölkəmizdə nəşriyyat işinin səviyyəsi də ildən-ilə yaxşılaşmaqdadır. Bu sahədə ənənə halını alan Bakı Beynəlxalq Kitab Sərgisi xüsusi rol oynayır. İlk dəfə 2009-cu ildə keçirilən sərgi paytaxtımızı kitab və nəşriyyat-poliqrafiya sahəsində də görüş yerinə çevirib.

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 5-dən 9-dək VIII Bakı Beynəlxalq Kitab Sərgisi (“Baku International Book Fair – 2022”) keçiriləcək.

Bakı Ekspo Mərkəzində gerçəkləşəcək kitab bayramı yenidən ölkəmizdən və xaricdən bir sıra nəşriyyatları, bu sahənin mütəxəssislərini bir araya gətirəcək. Beynəlxalq tədbir barədə ətraflı məlumat verən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov dedi ki, sərginin məqsədi rəqəmsal əsrdə kitabın, mütaliənin təbliği və populyarlaşdırılmasıdır. Bundan əlavə, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, ölkəmizdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaq da sərginin əsas məqsədlərindəndir.


– Xəyal müəllim, Bakı Beynəlxalq Kitab Sərgisi artıq 8-ci dəfədir keçirilir. İstənilən sahədə sərgi o zaman keçirilir ki, həmin sektor inkişaf edir və mühüm yeniliklər olur. İştirakçılar öz məhsullarını və ya xidmətlərini nümayiş etdirmək zərurəti duyur...

– Qeyd etmək istərdim ki, son illər ölkəmizdə kitab sənayesinin dinamikası həm normativ hüquqi aktlarda aparılan dəyişikliklərə münasibətdə, həm də nəşrlərin buraxılışı və satış dövriyyəsi baxımından yüksələn xətt üzrə inkişaf edir. Bildiyiniz kimi, bu ilin əvvəlində qanunvericilikdə edilən dəyişikliklərə əsasən, nəşriyyat işinin əsas predmeti olan materiallar və məhsullar əlavə dəyər vergisindən (ƏDV) azad olundu. Bunu kitab sənayesinin inkişafını şərtləndirən mütərəqqi addımlardan hesab etmək olar. Artıq Azərbaycan kitabın əlavə dəyər vergisindən azad olunduğu və ya kitaba çox ciddi vergi güzəştlərinin tətbiq edildiyi dünyanın təxminən əlli ölkəsindən biridir. Məlumat üçün qeyd edim ki, son iki ildə naşirlər, yazarlar, tərcüməçilər, poliqrafiya müəssisələri, mətbəələr – bir sözlə, kitab sənayesi sektorunun bütün subyektləri arasında əməkdaşlıq müşahidə olunur. Nəşriyyatlarımız təşkilatlanma prosesindən keçir. Ötən il “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi yaradıldı. Bu birlik tərəfindən Bakıda və regionlarımızda kitab sərgiləri təşkil edildi. Eyni zamanda artıq 4-cü dəfədir ki, Bakıda Milli Kitab Sərgisi keçirilir. Dünyanın bir çox şəhərində məhz həmin şəhərin adını daşıyan və böyük tarixi olan sərgilər var. İldə bir dəfə nəşriyyatlar, yazarlar, qiraətçilər və digər yaradıcı şəxslər həmin şəhərin oxucuları üçün ora təşrif buyururlar. Belə sərgilərin xüsusi proqramları olur və həmin şəhərlərin mədəni mühitinin və sakinlərində mütaliə mədəniyyətinin formalaşdırılmasına xidmət göstərir. Azərbaycanın kitab sənayesi sektorunda baş verən proseslər və işin gedişatı onu göstərir ki, bu ənənə artıq bizdə də təşəkkül tapmaq üzrədir.


– Nəşriyyatlarımız tərəfindən buraxılan kitabların sayında artım varmı?

– Əlbəttə, var. Məsələn, “Qanun” nəşriyyatı “hər gün yeni bir kitab” prinsipini özünə meyar seçib. Bu nəşriyyat oxucular üçün hər gün yeni bir kitabın buraxılışını təmin edir. “Everest”, “Sim-sim” kimi yeni nəşriyyatlar təsis olunub. Eyni zamanda nəşriyyatlar arasında ixtisaslaşma, profilləşmə prosesi də gedir. Bu məqam bazar münasibətlərində, oxucu auditoriyasının müəyyənləşdirilməsində çox ciddi faktordur. Oxucu hansı mövzuda hansı nəşriyyatın daha çox kitab buraxa biləcəyini müəyyən edir, öz marağına uyğun əldə etmək istədiyi kitabların konkret ünvanlarını bilir. Həmçinin bir məqamı da qeyd etmək istərdim. Mədəniyyət Nazirliyi tərəfindən bu ilin əvvəlində elan edilən “Nəşrlərin satınalınması müsabiqəsi”nə 1414 adda kitab təqdim olundu. Müsabiqə çərçivəsində nazirliyin tabeliyində olan kitabxana fondları üçün 498 174 manat dəyərində 50 465 nüsxə kitab alındı. Bundan başqa, nazirliyin nəşr planı üçün son iki ildə 250-dən çox müəllif tərəfindən müraciət ünvanlanıb. Onların arasında tanınmışlarla yanaşı, yeni imza sahibləri də var. Bu o deməkdir ki, ədəbiyyat sahəsi üzrə yaradıcı şəxslər tərəfindən çox sayda yeni əsərlər ərsəyə gətirilir. Bu rəqəmlərin özü kitab sənayesi sektorunun son illər nə qədər inkişaf etdiyinin göstəricisidir.


– Builki sərgiyə maraq necədir?

– Budəfəki sərgidə 16 ölkədən 61 nəşriyyat və kitab sənayesi ilə əlaqəli təşkilat iştirak edəcək. Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Venesuela, Misir, Latviya, Gürcüstan və digər ölkələr sərgidə təmsil olunacaqlar. Ümumiyyətlə, VIII Bakı Beynəlxalq Kitab Sərgisi dünyanın 4 qitəsini təmsil edən ölkələrin görüşəcəyi, təcrübə mübadiləsinin aparılacağı, əməkdaşlıq münasibətlərinin qurulacağı bir tədbir olacaq. Ziyarətçilər üçün spesifik və maraqlı mədəniyyət və ədəbiyyat nümunələri ilə tanışlıq imkanı yaranacaq. Türkiyədən 16, Rusiyadan 13 və digər ölkələrdən tanınmış müəlliflər sərginin qonağı olacaqlar. Əvvəlki 7 sərgi ilə müqayisədə builki sərgi xarici iştirakçı sayına görə xüsusilə fərqlənir. Bu faktor onu təsdiq edir ki, Bakı Beynəlxalq Kitab Sərgisi beynəlxalq müstəvidə müəyyən mövqe qazanıb və artıq ölkəmizin kitab bazarı kitab sənayesi sektorunun xarici subyektlərinin maraq dairəsindədir.


– Artıq sərgiyə sayılı günlər qalıb. Təşkilati məsələlər nə yerdədir?

– Sərginin təşkilati işləri bu il daha mütəşəkkil formada qurulub. Çünki ötənilki müraciətlərə əsaslanaraq önəcədən iştirakçı sayının çox olacağının proqnozlaşdırılması mümkün idi. Eyni zamanda daha böyük auditoriyaya nüfuz etmək üçün sərginin təşkilati, piar və marketinq işlərinin xüsusi proqramı və sistemi hazırlanıb. Kütləvi informasiya vasitələrində, elektron mediada və sosial şəbəkədə sərgi haqqında geniş təbliğat işləri aparılır. Mütəmadi olaraq yeniliklər barədə məlumatlar paylaşılır. Artıq sərgiyə qeydiyyat başa çatıb, iştirakçıların yerləşmə planı tərtib olunub, 5 gün ərzində keçiriləcək tədbirlərin proqramı təsdiq edilib. Bir sözlə, təşkilati məsələlər yekunlaşmaq üzrədir və iki gün sonra stendlərin qurulması üçün texniki işlərə başlanılacaq.

Yeri gəlmişkən deyim ki, bu il xüsusi stendlə iştirak edən iştirakçıların sayında da artım var. Bu onun göstəricisidir ki, artıq Azərbaycan nəşriyyatları da sərgidə iştiraklarını beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirmək istəyirlər. Bu proseslərin təbii şəkildə formalaşmasını müşahidə etmək yaxın gələcəkdə ölkəmizdə kitab sənayesi sektorunun inkişaf perspektivlərini və hədəflərinin konturlarını müəyyən etmək mümkündür.


– Sərgi sahəsinin tərtibatı ilə bağlı yeniliklər varmı?

– VIII Bakı Beynəlxalq Kitab Sərgisi “Şuşa İli”nə həsr edilib. Sərginin bütün konstruksiyalarında, nəşriyyat və çap məhsullarında mədəniyyət paytaxtımızın elementləri əks olunub. Bu il sərginin strukturunda və formatında mühüm yeniliklər var. İlk dəfə olaraq yerləşmə planı seksiyalar üzrə təşkil ediləcək. Nəşriyyatlar, kitab mağazaları, mətbəələr, uşaq nəşriyyatları və kitabxanalar üçün xüsusi seksiyalar yaradılacaq. “Uşaq zonası” adı altında uşaqların marağına uyğun dizayn və təchiz edilmiş platforma da quraşdırılacaq. Bundan başqa, builki sərginin ilk dəfə olaraq “fəxri qonaq ölkə” statusunda iştirakçısı da olacaq. Bu, qardaş Türkiyədir. Eyni zamanda ilk dəfə olaraq sərginin “fəxri yazarlar”ı da seçilib. Xalq şairi Ramiz Rövşən və şair Aqşin Yenisey beş gün ərzində maraqlı proqramla oxucuların görüşünə gələcək.

Ümumiyyətlə, sərgi müddətində yerli və xarici nəşriyyatlar tərəfindən 200-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur. Sərgi zalında 3 təqdimat zonası bu məqsədlər üçün yaradılıb. Tədbirlər proqramı artıq nazirliyin saytında yayımlanıb. Müxtəlif formatda tədbirlər var və zövqlər, maraq dairəsi fərdi məsələdir. Hər kəs proqramla tanış olub istədiyi tədbir üçün, maraq göstərdiyi yazarla görüş və ya əsərin müzakirəsi üçün sərgiyə gələ bilər.


– Ən yaxşı kitab, öz dəst-xətti olan ən yaxşı nəşriyyatlar üçün mükafatlar nəzərdə tutulurmu?

– Builki sərgidə bu nominasiyaların adlarında kiçik düzəlişlər etməli olduq. “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” üzrə qaliblərin seçilməsi şərti olsa da, iştirakçılar arasında müəyyən narazılıq yaradırdı. Bu il sərgidə ən fəal iştirak edən nəşriyyat “Sərginin ən fəal nəşriyyatı”, sərgi müddətində ən çox satılan kitabın müəllifi isə “Ən çox oxunan müəllif” nominasiyaları üzrə qalib seçiləcək və pul mükafatı alacaq. Bu parametrlər üzrə qalibləri müəyyənləşdirmək bizim üçün də çox rahat olacaq. Sərgiyə giriş ödənişsizdir. Bütün kitabsevərləri sərgiyə dəvət edirəm. Əminəm ki, sərgini ziyarət edən hər kəs oradan böyük məmnunluq hissi ilə ayrılacaq.

Lalə Azəri