Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın aparıcı nəşriyyatları olan “Akademnashr” və “Yangi nashr ovladi” rəhbərləri ilə görüş keçirib.

Mərkəzdən bildirilib ki, görüşdə hər iki nəşriyyatla AMM, habelə Azərbaycan nəşriyyatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Bundan başqa, oktyabrın 5-9-da keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində Özbəkistan nəşriyyatlarının iştirakına dair fikir mübadiləsi aparıb. Bildirilib ki, “Akademnashr” və “Yangi nashr ovladi” beynəlxalq sərgidə ayrıca stendlə təmsil olunacaq.

Həmçinin Heydər Əliyev adına AMM də Bakıdakı sərgiyə qatılacaq. Samir Abbasov bildirib ki, sərgi çərçivəsində AMM “Klassik Azərbaycan ədəbiyyatının tədqiqi, tərcüməsi və nəşri” layihəsi çərçivəsində özbək dilində son illərdə nəşr edilmiş kitabları təqdim edəcək və bir sıra yeni nəşrlərin təqdimat mərasimini keçirəcək.