Bəstəkar Xəyyam Mirzəzadəyə telefon açan hər kəsin eşitdiyi ilk söz “...Mirzəzadə” idi. Həmin jestdə bir rəsmiyyətlik duyulsa da, onu yaxından tanıyanlar belə ünsiyyət üslubunun bəstəkara xas duzlu yumor cizgili olduğunu  yaxşı bilirdilər. Buna daha bir səbəb Xəyyam müəllimin “gülüş paytaxtı” Şəki ilə bağlılıqdan doğan genetik yaddaşın  təzahürüdür.

 

Ötənlərin yaddaşı

 

Xəyyam müəllimin incə zövqə malik qəlbi vardı. Bunu təbii olaraq, bəstəkarın musiqisinə xas həssas çalarlı lirikasından sezmək olar. Məsələn, Oqtay Ağayevin bənzərsiz ifasında “Yadındamı” mahnısının nostalji lirikası indi də retro musiqi həvəskarlarını laqeyd qoymur.

Mahnının yaranması Xəyyam müəllimin bu janrda ilk təcrübələrindən biridir. Bəstəkarın atası, görkəmli dilçi alim Hadı Mirzəzadə bir gün oğluna poetik addımlarını atan gənc şair Bəxtiyar Vahabzadənin “Çeyran” adlı ilk kitabını verir. Məhz həmin şeirlərdən birindən “Yadındamı” adlı mahnı yaranır.

Həssas dinləyicilər sözügedən mahnının Bethovenin “Aylı sonata”sının I hissəsinin müşayiəti arasında oxşarlıq çizgiləri olduğunu yəqin hiss ediblər. Çox güman ki, Xəyyam müəllim Vyana klassikinin dünyaca məşhur bəstəsində hökm sürən kədərli motivin şeirin fəlsəfi yükündəki fikirlə ümumi cəhətlərini duyduğu üçün müvafiq ifadə vasitəsini seçib.

Bəstəkarın mahnı yaradıcılığındakı mətnlərdə sanki insanın həyat anlarına təbiətin şahidliyi ilə bağlılıq əsas mövqe tutub. Haqqında danışdığımız “Yadındamı” mahnısındakı misralara diqqət yetirək:

Yadındamı ötən günlər,
Ağac altı… bulaq səsi,
Günlər keçir… bizə qalır,
O günlərin xatirəsi...

Yaxud  Nəriman Həsənzadənin sözlərinə yazdığı “Yaşıl söyüd”ün nostalji əhvallı:

O burdan gedəli
Mən bura gəlmirəm, gəlmirəm…
Soruşma, niyə bəs.
Bilmirəm, bilmirəm, bilmirəm…
Ay, yaşıl söyüd…

misralarının məna yükündə, eləcə də bəstəkarın həzin musiqilər yazdığı  Anarın “Qayalar”, Nəbi Xəzrinin “Bir səhər” şeirlərində qeyd elədiyim fikirlər sezilir.

Nəriman müəllim xatırlayır: “Xəyyam Mirzəzadə kimi mürəkkəb dramaturji simfonik yaradıcılığa üstünlük verən sənətkarlar mahnı janrına ara-sıra müraciət edirlər. Estrada musiqisi kimi kütləvi janrında hər müəllifin yaratdığı mahnının həyata vəsiqəsi uzunömürlü olmur. Lakin X.Mirzəzadənin düzgün yaradıcı mövqeyi yaratdığı bu səpkili nəğmələrin indi də gündəmdə olmasını şərtləndirir.

Şadam ki, belə qüdrətli sənətkarla yaradıcı ünsiyyət mənə də nəsib olub. 70-ci illərin ortalarında Xəyyam müəllim yeni mahnı üçün şeirlərimi xahiş elədi. Mən təzəlikcə çapdan çıxan kitabımı ona hədiyyə göndərdim. “Yaşıl söyüd” mahnısının yaranışı belə oldu...”.

 

60-cılar çağırışçısı...

 

Xəyyam müəllim Qara Qarayevin tələbəsi olduğu üçün həmişə fəxr edərdi. Hər iki şəxsiyyət arasında ünsiyyət pedaqoq-tələbə çərçivəsindən çıxaraq əqidə həmrəyliyi, həmkar birliyinə çevrilmişdi. Milli musiqi tariximizin müasirlik sərkərdəsi hesab edilən Qara Qarayevin ən çağdaş estetik dəyərlərin carçılarından biri də Xəyyam Mirzəzadə idi. Onun “Oçerklər-63” simfonik poemasının ilk ifası Bəstəkarlar İttifaqında müzakirəyə çıxarılarkən ikili mövqe ilə qarşılanmışdı. Həmin əsərin daxilindəki çoxlaylı məzmunun əsas qayəsində yeni estetik tendensiyalara bir çağırış nidası vardı. Bəstəkar Fərəc Qarayev çıxışlarının birində müəllifin yaratdığı bəstənin tutarlı, dolğun faktlara əsaslanan inamlı müdafiəsini xüsusi vurğulayır.

 

Kino musiqisi dramaturqu

 

Hamıya bəllidir ki, bədii filmin bir çox məna çalarlarını duymaq və musiqi vasitəsilə ümumi dramaturji xəttin tamlığına nail olmaq bəstəkardan çevik yaradıcı təfəkkür tələb edir. Bu baxımdan Qara Qarayev kino musiqisini bəstəkar üçün gözəl treninq adlandırırdı.

Xəyyam Mirzəzadənin bu sahəyə ilk gəlişi 1961-ci ildə rejissor Əlisəttar Atakişiyevin “Bizim küçə” filmi ilə bağlıdır. Həmin illərdə bəstəkarlıq kafedrasının buraxılış imtahanları filarmoniyada, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında keçirilirdi. Həmin tədbirə musiqi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, teatrların, kinostudiyanın rejissorları, musiqi redaktorları dəvət olunardı. Başqa sözlə, müstəqil yaradıcı həyata başlamaq istəyən bəstəkarların ictimaiyyətlə ilk tanışlığı baş verirdi.

Xəyyam müəllimlə söhbətlərimizin birində bu barədə demişdi: “Milli kinomuzun azman rejissorlarından biri Əlisəttar müəllimin mənə – gənc, mövcud sahədə təcrübəsi olmayan bəstəkara –  əməkdaşlıq təklifi gözlənilməz oldu. Adətən belə qisim sənətkarlar bərkə-boşa düşərək püxtələşmiş mütəxəssislərlə işləməyi xoşlayırlar. Amma Əlisəttar müəllim mənim diplom işimin səslənməsində iştirak elədiyini, haqqımda müsbət təəssüratla yadda qaldığımı bildirəndə göstərilən etimaddan  məmnun oldum...”.

Xəyyam müəllimin bəstəkarı olduğu filmlərə baxarkən ilk anda musiqi və kadrların xronometraj sinxronluğu, dəqiqliyi diqqəti cəlb edir.

Rejissor Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmində Cəlalın “qan çanağı”nda ölüm səhnəsi filmin ən dramatik anlarından biridir. Tamaşaçılar kadrlarda hökm sürən əhval-ruhiyyəni aşıq Ədalətin ifasında “Yanıq Kərəmi” havası fonunda operatorun simalara yönələn kamerasında həkk olan ifadədən hiss edirlər. Ən sonda Gəray bəy tərəfindən Cəlalın öldürülməsi anında bəstəkar orkestrin dissonans qatışıqlı müdaxiləsini daxil etməklə faciənin bütün dramatik çəkisinin kulminasiyasını qabardır.

 

Epiloq əvəzi

 

Oktyabrın 5-i Xəyyam müəllimin ad günüdür. “Əvəzolunmaz insan yoxdur” kimi bir ifadə var. Bu fikrin kim tərəfindən səsləndiyini bilməsəm də, kiçik bir düzəliş etmək istərdim: “Əvəzolunmaz insan çoxdur”. Son illərdə milli mədəniyyətimizdə baş verən itkilər sırasının genişlənməsi ilə yaranan boşluğun dərinləşməsi bunu deməyə əsas verir.

Hər insanın, xüsusilə yaradıcı fərdin yaşamı zamanı ətrafında bir kiçik dünya yaranır. Həyatı boyu təsadüf və zərurətdən doğan yeni ünsiyyətin səbəbilə həmin dünyanın sərhədləri genişlənir, onunla təmasda olmaq şərəfinə nail olanları öz hərarəti ilə isindirir. Əbədiyyətə qovuşandan sonra həmin şəxsiyyətlərlə  keçirilən günlərdən qalan xatirələr onu sevənlərin qəlbinə köçür. Böyük şair Məhəmmədhüseyn Şəhriyarın  belə misraları var:

...Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir.

O gedir... Qalırıq biz yana-yana,
Bu dərdi ürəkdə daşımaq çətin.
Hər gün yer üstündən yerin altına
Köçür bir parçası bəşəriyyətin...

Nura qərq olan yeni dünyanda ad günün mübarək, əziz Ustad!

Yavər Neymətli
sənətşünaslıq üzrə fəlsəfə doktoru