Şuşanın musiqi, sənət beşiyi kimi formalaşması və tanınması təkcə onun gözəl havası, şəfalı suyu, bir sözlə, füsunkar təbiəti ilə bağlı olmayıb. Bu ehtişamın şöhrət tacında ayrı-ayrı şəxslərin də payı var. Mədəniyyət paytaxtımızın sənət mühitindən söz düşəndə ilk yada düşənlərdən biri də Xarrat Quludur. O, bəstəkar, təbiət gözəlliklərindən ilham alaraq şeir yazan şair, bəstələdiyi mahnını özünəməxsus şəkildə oxuyan müğənni, zərif barmaqları ilə ağaclar üzərində naxışlar açan xarrat kimi tanınıb.

Xarrat Qulu Məhəmməd oğlu 1823-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. Atası Məhəmmədin aydın və güclü səsi olub, həm də Qarabağda xan sarayında nağara ifaçısı olaraq fəaliyyət göstərib. Rəsmi məclislərdə və el şənliklərində nağara çalıb. O, şəhərdə bir hadisə baş vermiş olsaydı, dərhal bazara gələr və ucadan car çəkib çağırış edərmiş. Mir Möhsün Nəvvab təzkirəsində yazır: “...Kərbəlayı Qulu xoş görünüşlü bir kişi idi. Farsca savadı var idi... Məşğuliyyəti dülgərlik idi. Axır vaxtlar şəbihgərdanlıq edirdi (dini dramlarda rejissorluq)”.

Araşdırmalardan məlum olur ki, Kərbəlayı Qulu daha çox xarratlıq sənəti ilə məşğul olub. Çox mehriban və sözünə sadiqliyi ilə tanınıb. Şəhər əhli onu bir sənətkar kimi sevib, hörmətini saxlayıb. Sənətində məharəti olduğu kimi, musiqi elmindən də xəbərdar imiş. “Yusif” təxəllüsü ilə dini, həm də lirik, aşiqanə mövzuda şeir, həcv, mərsiyə və qəzəllər yazıb. Müasirləri ilə şeirləşməsi də məlumdur.

Musiqişünas, Əməkdar incəsənət xadimi Firudin Şuşinski araşdırmasında yazır ki, Xarrat Qulu XIX əsrin axırlarında Şuşada ilk dəfə musiqi məktəbi açır. Həmin  məktəbdə 70-ə qədər sazəndə fəaliyyət göstərib. O, istedadlı gəncləri məktəbə cəlb edib, onlara muğamlarımızı oxumağın qaydalarını öyrədib. Həmin dövrdə məktəb dinə xidmət məqsədilə yaradılsa da, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafına böyük təsir göstərib. Xarrat Qulunun musiqi məktəbi bir sıra ustad sənətkarların yetişməsinə də təsir göstərib. Azərbaycanın görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Dəli İsmayıl, Bülbülcan, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və məşhur tarzən Sadıqcan Xarrat Qulunun yetirmələri hesab edilir.

Xanəndəlik sənəti ilə bərabər XIX əsrdə Şuşada ümuilikdə səhnə sənəti də inkişaf edib. Mənbələrdə deyilir ki, o dövrdə Şuşada məhərrəmlik mərasimi xüsusi hazırlıqla qeyd edilib. Bütün sənətkarlar, tacirlər öz emalatxana və dükanlarını bağlayaraq bu işə cəlb olunub. Dini tamaşaların hazırlanmasında Xarrat Qulunun özü və yetirmələri də yaxından iştirak edib. Zamanın çətin sınaqlarına baxmayaraq, bu təziyə ilə əlaqədar bir çox maraqlı hadisə və rəvayətlər də bu günümüzə qədər gəlib çatıb. Onu da diqqətə çatdıraq ki, əslində, şəbihgərdanlıq xanəndəliyin inkişafına müəyyən təsiri göstərib. O səhnələri həm də ilk teatr tamaşaları da adlandırmaq olar.

Xarrat Qulu həm də maraqlı şeirlər qələmə alıb. Mir Möhsün Nəvvabın təzkirələrində onun rübailəri, qəzəlləri günümüzə qədər gəlib çıxıb. Rübailərinin birində deyilir:

Hər nakəsə veribdi Xuda pulun ağını,
Ancaq rəva görübdü bizə qəm qalağını.
Küfr olmasa, bu qismətə mən bəhs eylərəm,
Çün bilməyibdi xəlqə qismət səyağını.

Şuşanın mədəni həyatında aktiv rol oynamış Xarrat Qulu 1883-cü ildə, 60 yaşında vəfat edib, şəhər qəbiristanlığında dəfn olunub.

Savalan Fərəcov