Kitabxanada Mirzə Fətəli Axundzadənin 210 illik yubileyi qeyd olunub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin (1812-1878) 210 illik yubileyinə həsr olunmuş “Böyük ideallar mücahidi” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Prezident təqaüdçüsü, "Orta təhsil" jurnalının baş redaktoru Şərafəddin İlkin, Dövlət Pedaqoji Universiteti Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva, Milli Kitabxananın Elmi-tədqiqat və metodiki təminat şöbəsinin müdiri Aygün Koçak, şair-qəzəlxan Xatirə Xatun və başqa qonaqlar iştirak ediblər.

Çıxış edən qonaqlar Azərbaycan ədəbi və ictimai fikir tarixində Mirzə Fətəlinin xidmətləri, onun maarifçi-realist görüşləri, xalqının gələcəkdə dünya xalqları arasında yer tutması üçün apardığı mübarizə haqqında ətraflı söz açıblar. Qeyd edilib ki, ədibin 1850-1855-ci illərdə qələmə aldığı altı dram əsəri, və digər əsərləri Yaxın və Orta Şərq ədəbiyyatına mühüm təsir göstərib.
Tədbirdə M.F.Axundzadənin həyat və yaradıcılığını əks etdirən sərgi təqdim edilib, videoçarx nümayiş olunub.