Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

440 il əvvəl...

4 oktyabr 1582-ci ildə Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrdan sonra təqvimdə növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanın da daxil olduğu keçmiş Rusiya imperiyasının ərazisində yeni təqvimə keçid 1918-ci ilin əvvəlində baş verdi.

 

121 il əvvəl...

5 oktyabr 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı – Qızlar Məktəbi açılıb. Məktəb maarifpərvər ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirmişdi. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə Məlikova-Zərdabi idi.

 

104 il əvvəl...

5 oktyabr 1918-ci ildə Xalq Cümhuriyyətinin Nazirlər Şurası (“Bakı Soveti”) bolşeviklərin neft sənayesinin milliləşdirilməsi barədə bir neçə ay öncə qəbul etdikləri qərarı ləğv edib. Hökumətin qərarına əsasən, neft mədənləri, zavodlar, neftdaşıyan gəmilər əvvəlki sahiblərinə qaytarılıb. İki il sonra Azərbaycanın sovetləşməsi ilə neft sənayesi də tamamilə dövlətin nəzarətinə keçdi.

 

65 il əvvəl...

4 oktyabr 1957-ci ildə SSRİ-də dünyanın ilk süni peyki – “Sputnik-1” kosmosa çıxarılıb. Bu hadisə təkcə sovet kosmonavtikası üçün uğur deyildi. Məsələnin mühüm siyasi tərəfi onda idi ki, atom bombasının hazırlanmasında ABŞ-dan geri qalan SSRİ kosmosun fəthində birincilik əldə etmişdi.

 

41 il əvvəl...

6 oktyabr 1981-ci ildə Misir Prezidenti Ənvər Sədat Qahirədə keçirilən hərbi parad zamanı sui-qəsd nəticəsində öldürülüb. Terror aktının Misir rəhbərinin İsraillə sülh bağlamasına cavab addımı olduğu bildirildi. 1978-ci ildə ABŞ-ın vasitəçiliyi ilə Misir-İsrail sülh sazişi imzalanmış, İsrail işğal etdiyi Sinay yarımadasını Misirə qaytarmış, Misir isə İsrail dövlətini tanımışdı. Bir sıra müsəlman dövlətləri Ənvər Sədatın addımını Fələstinin taleyinə xəyanət kimi qiymətləndirdi.

 

31 il əvvəl...

4 oktyabr 1991-ci ildə erməni silahlı dəstələri Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni və Hadrut rayonlarında (indiki Xocavənd rayonunun ərazisi) azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başlayıblar. Ermənilərin iki aya yaxın sürən silahlı basqınları nəticəsində 30-dan çox yaşayış məntəqəsində azərbaycanlı əhalinin etnik təmizlənməsi həyata keçirildi. Regiondakı SSRİ Daxili Qoşunlarının bölmələri baş verənlərə seyrçi idi. Xocavənd rayonunun erməni işğalı altında olan kəndləri 2020-ci ildə 44 günlük Vətən müharibəsində azad edildi.

 

29 il əvvəl...

4 oktyabr 1993-cü ildə Moskvada iki həftəyə yaxın sürən prezident-parlament qarşıdurması güc tətbiqi ilə başa çatıb. Prezident Yeltsin tərəfindən buraxılmış Ali Sovetin tərəfdarlarının silaha əl atmasına cavab olaraq şəhərə hərbi qüvvələr yeridilib, parlament binası topa tutulub. Ali Sovetin sədri R.Xasbulatov, qiyama dəstək verən vitse-prezident A.Rutskoy və başqaları həbs edilib. Toqquşmalarda 100-dən çox ölən və yaralanan olmuşdu. Bu hadisədən sonra Rusiyada sovetlərin mövcudluğuna rəsmən son qoyuldu. 1993-cü il dekabrın 12-də yeni Konstitusiya qəbul olundu və qanunverici orqan kimi Dövlət Duması təsis edildi.

 

28 il əvvəl...

4-5 oktyabr 1994-cü ildə Bakıda və Gəncədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Çevrilişə hazırlıq oktyabrın 3-də DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbəri Rövşən Cavadov və qardaşı, Xətai rayonunun prokuroru Mahir Cavadovun Respublika Prokurorluğuna basqını ilə başlamışdı. Oktyabrın 4-də proseslərin idarəçisi olan baş nazir Surət Hüseynovun göstərişi ilə silahlı dəstələr Gəncədə hakimiyyəti devirməyə cəhd etdi. Prezident Heydər Əliyevin tədbirli siyasəti və qətiyyəti sayəsində bunun qarşısı alındı, çevriliş etmək istəyən qüvvələr zərərsizləşdirildi. Oktyabrın 4-ü gecə Heydər Əliyevin çağırışı ilə Prezident Aparatının binası önünə toplanan on minlərlə insan dövlət başçısına dəstək verdi. 5 oktyabrda “Azadlıq” meydanında ümumxalq mitinqində çıxış edən Heydər Əliyev dövlətçiliyin müdafiəsinə qalxdığına görə Azərbaycan xalqına təşəkkür etdi.

Hazırladı: V.Orxan