Ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, düşmən üzərində tarixi Zəfər çaldığımız 2020-ci ilin 44 günlük Vətən müharibəsinin ikinci ildönümünü yaşayırıq. Xalqımıza əbədi Qələbə ruhu bəxş edən qəhrəman şəhidlərimizin xatirəsi daim yad olunur, adları əbədiləşdirilir.

Qubanın Davudoba kəndində şəhid gizir Orxan Cabbarovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib. Orxan Cabbarov Vətən müharibəsində Cəbrayıl və Füzuli cəbhələrində qəhrəmanlıqla döyüşüb. Göstərdiyi şücaətə görə 3-cü dərəcəli “Rəşadət” ordeni, Cəbrayıl, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Qəhrəman döyüşçü 2021-ci il noyabrın 16-da Kəlbəcər rayonu istiqamətində erməni təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

***

Şəki RMİ Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Məhəbbət Paşayevin şəhadətinin ildönümü münasibətilə ailəsinə baş çəkiblər. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi də Məhəbbət Paşayevin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

***

Kürdəmirin Qarabucaq kəndində I Qarabağ müharibəsi şəhidi Qalib Alşan oğlu Əliyevin xatirəsinə tikilən bulağın açılışı olub. Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, kənd sakinləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Qalib Əliyev 1970-ci il oktyabrın 1-də Qarabucaq kəndində dünyaya göz açıb. Rusiyada SSRİ ordusu sıralarında xidmətini başa vurduqdan sonra Kürdəmirdə 5 nömrəli dəmiryolu sahəsində fəhlə işləyib. I Qarabağ müharibəsində Xocalı istiqamətində, Fərrux dağında döyüşdə şəhidlik zirvəsinə ucalıb.

***

Tərtər rayon Umudlu kənd tam orta məktəbində şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Tədbirdə çıxış edən rayonun icra başçısı Müstəqim Məmmədov bildirib ki, Umudlu kəndi Birinci Qarabağ müharibəsində 5, Vətən müharibəsində isə 3 şəhid verib.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Şirbala Hüseynovun ailəsini ziyarət edib.

***

Şamaxıda Vətən müharibəsi şəhidi, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi olmuş Rauf Əliyevin anım günü keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı RMİ-nin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə və digərləri iştirak ediblər.

Şamaxının Ovçulu kəndində Vətən müharibəsinin şəhid kapitanı Niyət Şirəliyevin xatirəsinə inşa olunan bulaq kompleksi açılıb. Açılış mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Göyçayda Vətən müharibəsi şəhidi İntiqam Bəxtiyar oğlu Şirəliyevin vaxtilə təhsil aldığı Potu kənd tam orta məktəbinin girişində quraşdırılan barelyefi açılıb. İntiqam Şirəliyev 1997-ci il oktyabrın 8-də Potu kəndində anadan olub. Əsgərliyini başa vurduqdan sonra 2019-cu ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. Vətən müharibəsinin üçüncü günü, sentyabrın 29-da Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Rəşad Abdullayevin büstünün açılışı olub. Mərasimdə rayonun icra başçısı Rafiq Cəlilov, şəhidin valideynləri Arif Abdullayev və Sevil Abdullayeva, digər çıxış edənlər tarix yazan igid oğulların gələcək nəsillərə örnək olduğunu bildirib.

Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı sentyabrın 29-da Murovdağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Nurəddin Məmmədli