Ağdaş RMİ Zərdab rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təməlində duran siyasi irsi” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsini ulu öndərin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyər olduğunu qeyd ediblər.

***

Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə Mədəniyyət Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin hər iki mərhələsində uğur qazanaraq Hacıqabul şəhər Uşaq musiqi məktəbinə xanəndə müəllimi təyin olunan Xəqani Niftəliyevlə görüşüb. İdarə rəisi müəllimi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

***

Şəmkir RMİ-nin rəis vəzifəsi üzrə əmək funksiyalarını icra edən Nurəddin Mehdiyev Daşkəsən rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinə baxış keçirib.

***

Biləsuvar RMİ Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Neftçala peşə məktəbində görüş keçiriblər. Məktəbdə təhsil alanlara “Heydər Əliyev ideyaları Azərbaycanı müasirliyə aparır” mövzusunda mühazirə söylənilib.

***

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində əmək fəaliyyətinə başlayan gənc müəllimlərlə görüşüb, onlara yeni tədris ilində uğurlar arzulayıb. İdarə rəisi müəllimlərin fikirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

***

Gəncə RMİ-nin təşkilatçılığı ilə görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin (1908-1978) anım günü keçirilib. Tədbirdə çıxış edən Gəncə RMİ-nin rəisi Vasif Cənnətov və digər qonaqlar ədibin həyat və fəaliyyətindən, yaradıcılığından danışıblar. Yaşlı nəslin nümayəndələri Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüblər. Bədii hissədə Gəncə şəhər 2 və 4 nömrəli uşaq musiqi məktəblərinin müəllimləri Türkan Aslanova, Elməddin Qulamov və Sadiq Əlizadənin ifasında xalq mahnıları səsləndirilib.

***

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirib. Sumqayıt şəhər Poeziya evində keçirilən müşavirədə gündəlikdə duran bir sıra məsələlər, cari problemlər və gələcək perspektivlər müzakirə olunub.

N.Məmmədli