Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə ilə yaradıcılıq görüşü keçirilib.

Əvvəlcə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışıb.

Bildirilib ki, daim yaradıcılıq axtarışında olan Firəngiz Əlizadənin əsərlərinin sədası dünyanın ən məşhur konsert salonlarından gəlir. Firəngiz xanımın hər bir uğuru Azərbaycan musiqisinin geniş miqyasda nüfuzunun artmasına xidmət edir. Bəstəkarın yaradıcılığı musiqişünaslar üçün əsl tədqiqat mənbəyidir. Onun yaradıcılığına dair bir sıra elmi tədqiqat işləri yazılıb, əsərləri dissertasiya səviyyəsində araşdırılıb. Firəngiz xanımın yaradıcılığı yalnız ifaçılarımız üçün deyil, musiqi elmimiz üçün də dəyərli bir mənbədir.

Tədbirdə “Firəngiz Əlizadənin yaradıcılıq səhifələri” sənədli filminin təqdimatı da keçirilib.

Nümayişdən sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Xalq artisti, tarzən Ramiz Quliyev, Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə çıxış edərək film haqqında təəssüratlarını bölüşüb, Firəngiz Əlizadənin Azərbaycan musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətlərindən danışıblar.

Əməkdar artist Rəna Rzayeva bəstəkarın fortepiano üçün əsərini ifa edib.

Sonda Firəngiz Əlizadə gələcək yaradıcılıq planlarından danışıb.