Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı idi

 

Oktyabrın 4-də Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən birinin – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin ikinci ildönümü tamam oldu. 

İki il öncə həmin gün müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbə tvitlərindən birini atdı: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri oldu. 27 illik işğaldan sonra rəşadətli əsgər və zabitlərimizin canı-qanı bahasına azadlığa qovuşdu. İrəlidə yeni Zəfər soraqlı günlər vardı.

Ali Baş Komandan 2020-ci ilin 4 oktyabrında xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğuladı: “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir...”.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının bir həftəsi geridə qalmışdı. Vətən torpağı uğrunda müqəddəs savaşda hər gün qəhrəmanlıq dastanının səhifələri yazılırdı: “Bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına...”.

Dövlətimizin başçısı bildirdi ki, biz bu günlər xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik: “Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq...”.

Yağı tapdağından qurtuluşun ikinci ildönümünü yaşayan Vətən torpaqlarına artıq həyat, quruculuq, abadlıq, ən ümdəsi isə, doğma insan nəfəsi qayıtmaqdadır...