Qarabağımızın incisi, mədəniyyət paytaxtımız Şuşan tarixi əhəmiyyəti və füsunkar təbiəti ilə daima yaradıcı şəxslərin xüsusi diqqətində olub. 2020-ci ilin Vətən müharibəsində müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən qala-şəhərimiz dirçəldikcə yaradıcı gənclərimiz də bu mövzuda yeni əsərlər ərsəyə gətirirlər. Belə gənclərdən biri də heykəltəraş Jalə Əliyevadır.

Jalə Əliyeva 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2015-ci illərdə Əzim Əzimzadə adına İncəsənət Kollecinin Dekorativ-tətbiqi sənət fakültəsini keramika ixtisası üzrə bitirərək sənət yoluna qədəm qoyub. 2019-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) heykəltəraşlıq ixtisası üzrə bakalavr, 2021-ci ildə isə magistr təhsilini tamamlayıb. Hazırda ADRA-nın Heykəltəraşlıq fakültəsində emalatxana müdiri olaraq çalışır.

İlk yaradıcılıq əsərləri zərifliyi, incə plastikası ilə fərqlənən Jalə Əliyeva retro və milli musiqilərə olan sevgisini, filmlərdən olan epizodik anları, ifadə və duyğularını dekorativ heykəl nümunələri ilə tamaşaçıya təqdim edir.

2020-ci ilin Qarabağ savaşından sonra isə heykəltəraşın yaradıcılıq yolu qismən dəyişib. O, şəhidlik zirvəsinə ucalan igidlərimizin portret-büstlərini hazırlayır. 19 yaşında şəhidlik zirvəsinə ucalan Cəbrayıl Dövlətzadənin düşmən önündə əyilməzliyini, cəsarətini yaratdığı portretdə izləyə bilirik.  “Vətən yaxşıdır” ifası ilə yaddaşlara həkk olan şəhid Xudayar Yusifzadənin büstü isə xüsusilə seçilir. Müəllifin bu əsərdə şəhid səmimi təbəssümü ilə musiqi notları olan kompozisiyada təsvir olunub. Heykəltəraş büstü Azərbaycan Milli Tarix Muzeyinin fonduna bağışlayıb.

Şuşa şəhərinin zəngin mədəni irsi Jalə Əliyevanın yaradıcılığında xüsusi yer tutur. Onun “Şuşa həsrəti” adlı əsəri “Şuşanın dağları” ifası ilə tanınan xanəndə Xan Şuşinskiyə həsr olunub. Xan Şuşinski qavalabənzər çərçivənin daxilində “muğam triosu” – qaval, tar, kamança əhatəsindədir. Lirik düşüncə və əlində xarıbülbül ilə sanki “Şuşanın dağları”nı zümzümə edir. Ustad xanəndənin ruhu şaddır, Zəfərimizi sanki duymaqdadır.

“Şuşa minarələri” kompozisiyasının əsasında Şuşa qalası, mərkəzi hissədə isə günəş yer tutmaqdadır. Şuşanın giriş qapısı hesab olunan əzəmətli qala hər zaman əyilməzliyini qoruyub. Minarələr isə milli musiqi alətlərimizlə, günəşin şəfəqləri ilə daha da parlaqdır.

“Bayatı-Şiraz” muğamını əks etdirən əsərdə heykəltəraş muğam üçlüyü olan tar, qaval, kamança ilə maraqlı bir görüntü yaratmağı bacarıb. Tar üzərində ornamentlər və Yuxarı Gövhər ağa məscidi minarələri memarlıq elementləri ilə xüsusi musiqili vəhdətdədir.

“Şur” adlı kompozisiyada “Şur” muğamını ifa edən sənətçilər sanki musiqi festivalında, dinləyicilərin önündədir. Jalə Əliyeva bu əsərlə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının “Sönməz günəşin dəryası” müsabiqəsində iştirak edərək III yerə layiq görülüb.

Mədəniyyət paytaxtımız Şuşa bundan sonra hələ çox sənət əsərlərinə mövzu, ilham qaynağı olacaq. Yaradıcı gənclərimizi bu yolda yeni sənət üfüqləri gözləyir.

Dilarə Əsədli
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı