Xətai Sənət Mərkəzində mərhum rəssam-pedaqoq Əbdül Şərifovun xatirəsinə həsr olunmuş sərgi açılıb.

Tədbirdə rəssamın yaradıcılığından, əsərlərindən bəhs edən “Sənətini paylaşa bilən sənətkar” adlı kitabın təqdimatı da olub.

Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, sərgidə Əbdül Şərifovun yağlı boya ilə ərsəyə gətirdiyi əsərləri, həmçinin mərhum rəssamın tələbələrinin əl işləri  yer alıb: “İnsan var ki, rəssam ola bilər, ancaq pedaqoq ola bilməz. Əbdül Şərifov uzun müddət Xətai Sənət Mərkəzində baş müəllim kimi çalışıb. Biz dost idik. Onun bizi tərk etməsi bizi çox kədərləndirir. Əbdül Şərifovun xatirəsini əbədiləşdirmək üçün onun əsərlərindən ibarət sərgi təşkil etdik”.

Xalq rəssamı Arif Hüseynov mərhum həmkarını istedadlı bir sənətkar kimi xarakterizə edib: “Mən Əbdül Şərifovun sənətinə bələdəm, ancaq bu dəfə onun əsərlərinə baxanda onu yenidən kəşf etdim. O, Xətai Sənət Mərkəzində vaxtilə çalışıb və müəllim kimi tələbələr yetişdirib. Tələbələr onun yaddaşıdır. İnsan nə qədər yadda qalırsa, o qədər də sevilir”.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Əbdül Şərifovun müəllimi olduğunu deyib. Bildirib ki, müəllimlər adətən məşhur rəssam olmaq iddialarını müəllimliyə qurban verirlər. Əbdül Şərifov da belə müəllimlərdən idi.

Əbdül Şərifovun sənət, tələbə yoldaşları və tələbələri mərhum sənətkarla olan xatirələrini bölüşüb, Xətai Sənət Mərkəzinin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.