Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Zəfər yolu” tamaşasının müzakirəsi keçirilib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan tamaşanın müəllifi və quruluşçu rejissoru, Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Müzakirə BXA-nın İncəsənət fakültəsinin Sənətşünaslıq, İctimai fənlər kafedraları və Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sənətşünaslıq kafedrasının müdiri Şəhla Əliyeva, həmin kafedranın professoru, Əməkdar incəsənət xadimi Rafiq Sadıxov və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Çingiz Ələsgərov “Zəfər yolu” tamaşasını təhlil ediblər.

44 günlük Vətən müharibəsində N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, mayor Elnur İsayev və könüllü olaraq Füzuli, Xocavənd və Kəlbəcərin azad olunmasında iştirak etmiş BXA-nın III kurs tələbəsi Valeh Mirzəzadə döyüş yollarından söhbət açıblar. Şəhid və qazilərimizin keçdiyi qəhrəmanlıq yolunu əks etdirən video nümayiş etdirilib.

Sonda Kitabxana-informasiya mərkəzinin müdiri İradə Ağayeva çıxış edərək Vətən müharibəsinin tariximizin şanlı salnaməsi olduğunu vurğulayıb, bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib.