Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyevin iştirakı ilə idarənin əhatə etdiyi müəssisələrin fəaliyyətinə həsr olunmuş seminar-müşavirə keçirilib. Müşavirədə çıxış edən idarə rəisi şanlı Qələbəmizin ikinci ildönümü münasibətilə silsilə tədbirlərin təşkil edilməsi, sosial şəbəkələr və mətbuatla əlaqənin təşkili, bəzi müəssisələrdə optimallaşdırma ilə əlaqədar görüləcək tədbirlər, musiqi məktəblərində keçiriləcək islahatlar, həmçinin mədəniyyət işçilərinin işə davamiyyəti, müəssisələrdə aşkarlanan problemlər və s. barədə fikir və iradlarını bildirib, tapşırıqlar verib.

***

Biləsuvar RMİ Neftçala rayon Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “AZLİNG – 2022”: Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

70-dən çox dilçi alim və gənc tədqiqatçının qatıldığı konfransda Azərbaycan dilinin tədqiqi, xarici ölkələrdə dilimizin tədrisi, ana dili dərsliklərinə konseptual yanaşmalar, tərcümə problemləri, kompüter dilçiliyi və s. mövzular ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib. Elmi konfransın materiallarının toplu halında çap etdiriləcəyi diqqətə çatdırılıb.

***

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Yardımlı nümayəndəliyi və V.Məmmədov adına Yardımlı şəhər 2 saylı orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Zəfərin zirvəsi – Şuşa” mövzusunda tədbir keçirilib. Tədbirdə “Şuşa – 270”, “Heydər Əliyev dühası”, “Zəfər tariximiz” başlıqlı sərgilərə baxış olub.

***

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzi və 8 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: Azərbaycanın fəxri və xilaskarı” adlı açıq dərs keçirilib. Açıq dərsdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən, onun xilaskarlıq missiyasından danışıblar. Sonda “Tarixin Heydər Əliyev dövrü” adlı film nümayiş etdirilib.

***

Şəki RMİ Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Azərbaycanın haqq bayraqdarı Əhməd Cavad” adlı tədbir keçirilib. İstiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illiyinə həsr olunan tədbirdə muzeyin direktoru Arizə Xuduyeva şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra məktəblilər Ə.Cavadın bayrağımıza, Vətənimizə həsr olunan şeirlərini söyləyiblər. Tədbirin sonunda sözləri Əhməd Cavada, musiqisi dahi Üzeyir Hacıbəyliyə məxsus olan “Çırpınırdın, Qara dəniz” mahnısı səsləndirilib.

Qaxingiloy, Qaxbaş kənd mədəniyyət evləri və Toppağ kitabxanasının birgə təşəbbüsü ilə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı tədbir keçirilib. Tədbirdə şagirdlər Şuşaya, Qarabağa, Vətənə həsr olunan şeirləri qiraət ediblər.

***

Bərdə RMİ Yevlax Kukla xalq teatrı tərəfindən “Güllü və Güloğlan” tamaşası nümayiş etdirilib. Bərdə rayon Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşanın quruluşçu rejissorları Əməkdar mədəniyyət işçiləri Zöhrə Adıgözəlova və Eldəniz Mustafayevdir. Tamaşadan sonra çıxış edən RMİ-nin rəisi Vəsilə Möhsümova yaradıcı heyətə təşəkkürlərini çatdıraraq gənc nəslin yetişməsində bu kimi tamaşaların müsbət rolundan bəhs edib.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 20 saylı kitabxana filialı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 881-ci ildönümü ilə bağlı sərgi təşkil edib.

MKS-nin 15 saylı kitabxana filialında isə yeniyetmə və gənclərin iştirakı ilə “Narkomaniyaya birgə yox deyək!” adlı tədbir keçirilib.

***

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xaçmaz RMİ-nin əhatə etdiyi Qusar rayon Uşaq incəsənət məktəbində “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizədə sosial fəallıq” mövzusunda tədbir keçirilib. Tədbirdə Qusar Dövlət Ləzgi Dram Teatrının hazırladığı “Sönmüş talelər” tamaşasından narkoman gəncin faciəsini əks etdirən səhnə nümayiş olunub, iştirakçılara maarifləndirici broşürlər paylanılıb.

***

Sabirabad RMİ Şirvan şəhər Mərkəzi Kitabxanasında Xurşidbanu Natəvanın (1832-1897) 190 illik yubileyi münasibətilə “Xan qızı Natəvan” adlı tədbir keçirilib. Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Alma Cəfərova və Oxuculara xidmət şöbəsinin müdiri İlhamə İmanova şairənin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olduğunu vurğulayıblar.

Nurəddin Məmmədli