İki il öncə bu vaxtlar Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il düşmən tapdağında qalmış, yerlə yeksan edilmiş əzəli yurd yerlərimizin düşməndən azad olunması üçün oddan-alovdan keçirdi. Vətən oğulları qanları, canları bahasına ərazi bütövlüyümüzü bərpa edir, gözlərini qırpmadan, böyük ruh yüksəkliyi, ən əsası da əsir yurdun qurtuluş eşqi ilə şəhadətə yürüyür, qazi olurdular. Əmin idilər ki, şanlı Ordumuz bu haqq savaşında qalib gələcək. Elə də oldu...

Regional idarələrin əhatə etdiyi mədəniyyət müəssislərində şəhidlərimizin əziz xatirəsi yad olunur, onların ailələri ziyarət edilir, qazilərimizlə görüşlər keçirilir.

Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) Sabirabad rayon Mədəniyyət Mərkəzinin Qaratəpə kənd Yaradıcılıq evində Azərbaycanın Milli Qəhrəmanları – Birinci Qarabağ müharibəsi şəhidi Mübariz Əhmədov (1963-1992) və Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Murad Mirzəyevə (1976-2016) həsr olunmuş tədbir keçirilib. Tədbirdə regional idarənin məsləhətçisi Ağalar Ağammədov, Qaratəpə kənd icra nümayəndəsi İlham Həsənov və digərləri çıxış ediblər. Sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” Studiyası tərəfindən çəkilən, hər iki qəhrəmanın ömür yolundan bəhs edən “Mübariz” və “Komandir” filmləri nümayiş olunub.

***

Şabranın Borbor kəndində Vətən müharibəsi şəhidi Əlikram Şahbazlının xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib. Əlikram Şahbazlı Vətən müharibəsində Suqovuşan və Hadrut qəsəbələri uğrunda qəhrəmanlıqla döyüşüb. Oktyabrın 6-da Talış kəndi istiqamətində şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi şücaətə görə ölümündən sonra 4 medalla təltif olunub.

***

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova və regional idarənin əməkdaşları Vətən müharibəsi şəhidləri Fəxri Qəribzadə, Samir Ələkbərli və İlyas Şahvələdovun şəhadətlərinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib, ailələrinə baş çəkiblər.

Tərtər rayonunun Səhləbad kəndində Vətən müharibəsi şəhidi İntiqam Ağayevin xatirəsinə inşa edilən bulağın açılışı olub. Tədbirdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Ağstafa RMİ Ağstafa rayon MKS-nin əməkdaşları Vətən müharibəsi şəhidi Nazim İsmayılovun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər. Görüşdə şəhidin döyüş yolu xatırlanıb, Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

***

Ağdaş RMİ Ağdaş Dövlət Rəsm Qalereyası və rayon MKS-nin 13 saylı şəhər kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi Yusif Nəbiyevin şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkib, daha sonra məzarını və adına inşa edilmiş bulaq kompleksini ziyarət ediblər.

N.Məmmədli