Özbəkistanlı tarixçi Şuxrat Salamovun “Zəngəzur – Türk dünyasının qapısı” adlı əsəri VIII Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub.

Kitabın çapına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) dəstək göstərib.

Tədbiri AMM-in direktoru Samir Abbasov açaraq Şuxrat Salamovun Ermənistan-Azərbaycan münaqişəsi, erməni daşnakların regionda, o cümlədən Türküstanda həyata keçirdikləri işğal və soyqırımı siyasəti mövzusunda araşdırmaları haqqında danışıb, tarixçi alimin yeni kitabının əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, “Zəngəzur – Türk dünyasının qapısı” kitabı ilk dəfə olaraq xarici bir müəllif tərəfindən aparılmış obyektiv tədqiqatın nəticəsi olaraq ərsəyə gəlib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri,  tarix üzrə fəlsəfə doktoru Akif Marifli Zəngəzur bölgəsinin qədim Azərbaycan torpağı olduğunu vurğulayıb,  Zəngəzur dəhlizinin  Azərbaycan, region ölkələri, Türk dünyası, eləcə də Avropa ilə Asiya arasında çox mühüm bir kommunikasiya körpüsü olacağını bildirib.

Ombudsman Aparatının əməkdaşı, Zəngəzurdan olan Azadə Novruzova ermənilərin Zəngəzurda həyata keçirdiyi etnik təmizləmə siyasəti, milli-mədəni irsimizin məhv edilməsi, saxtalaşdırılması, soydaşlarımızın öz doğma yurdlarından deportasiyası haqqında danışaraq tədqiqat əsərinin bu hadisələrin tarixinə işıq tutacaq vacib mənbə olacağını söyləyib.

Sonda çıxış edən Şuxrat Salamov nəşrin mütəxəssis, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu və kitabda Cənubi Qafqaz xalqlarının taleyində baş vermiş faciəvi tarixi hadisələr mənzərəsində siyasi proseslərin ətraflı təhlil edildiyini deyib. Bildirib ki, Zəngəzur dəhlizinin açılmasına tarixi ədalətin bərpası və bütün Türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacağına inanır.