Akademik Milli Dram Teatrında mövsümün ilk premyerasını – “Yay günü” tamaşasını izlədim. Tamaşa polşalı yazıçı-dramaturq, karikaturaçı, satira ustası və absurd teatrın klassiklərindən sayılan Slavomir Mrojekin eyniadlı pyesi əsasında hazırlanıb.

Oktyabrın 6-da teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində (kiçik zal) təqdim olunan tamaşaya  gənc rejissor Mehman Fətullayev quruluş verib. Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistenti Nərmin Həsənovadır. Yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovdur. Pyesi dilimizə Mehman Musabəyli çevirib.

Üç aktyorluq oyunda rolları Ramin Şıxəliyev, Elsevər Rəhimov və Lalə Süleymanova ifa edirdilər.

Tamaşa arzularını həyata keçirə bilmədiyindən intihar yolunu seçən çılğın gənc (Uğursuz) ilə bütün arzularını rellaşdırdığından, yaşamaq həvəsi qalmayan zəngin və kübar kişinin (Uğurlu) dialoqları ilə başlayır. Sonradan prosesə hər ikisini asanlıqla bu yoldan çəkindirən qüvvə – cazibədar və ağıllı qüvvə (Qadın) qoşulur. Onun uğrunda mübarizə başlayır və təbii ki, hiyləgər kübar üzməyi bilmədiyinə görə intihara can atan oğlanı çox asanlıqla suya, özünün qurduğu tamaşanın ən uğursuz oyunçusu olan qızı isə ən çox qorxduğu oda “atır”. Nəticədə həyat ilə bağlı arzuları suya düşən bütün çılğınlar üçün mükəmməl dərs verir.

Pyes karikaturaçı adlandırılmağı heç sevməyən müəllifin insan xarakterini, onun naqis xüsusiyyətlərinin təsvirində, mənə görə, ən təsirli əsərlərindəndir. Doğrudur, onun daha çox Rusiya teatrlarında populyarlıq qazanan, son illər Avropada səhnə həlli tapan başqa əsərləri də var. Amma məhz bu əsər sadə insanların ən primitiv haqqını – yaşamaq üçün kibrit qutusuna sığacaq sevinclərini belə onlara çox görən xudbinlərin ən yaxşı karikaturası hesab oluna bilər.

Quruluşunda müəllifin insan münasibətləri üzərində tragik gəzişməsinə absurd tragikomediya kimi baxan, daha doğrusu, bizi bu baxış bucağına təhrik edən rejissor element olaraq absurd teatra xas sadə məqamları görməzdən gəlsə də, ümumi planda tamaşaçı ilə uğurlu dialoqa nail olub. Bunu qəhrəmanlara reaksiyalardan, ələlxüsus da təkbətək gedişlərdəki didaktiklikdən sezmək mümkündür.

Hərçənd emosional, daha dəqiq desəm, səhnədə mütləq əks qütbləri – ağ ilə qaranı, yaxşı ilə pisi, xeyir ilə şəri qarşılaşdırıb, onların “xoruz döyüşü”ndən zövq alan ənənəvi tamaşaçı belə yanaşmanı asanlıqla itələyə bilir. Bu mənada rejissorun cəsarəti alqışlanmalıdır. Üstəlik intellektualların söz döyüşü, yəni sosial münasibətlər fonunda uzun dialoqlar bizim tamaşaçıya quru təsir bağışlayır və o, ani olaraq darıxır. Bu məqamda rejissor və rəssam musiqi tərtibatçısını da cəlb edərək mütləq bir “baş aldatdı” mərəkəsi qurmalıdır. Bizim cəsarətli gənc bunu da lüzum görməyərək, tamaşaçı ilə aktyoru üz-üzə, göz-gözə qoymuşdu.

Yəni rejissor da müəllif kimi öz qəhrəmanlarına qarşı “soyuq amansızlığı” ilə yadda qaldı. Tamaşaçını məcbur etdi ki, müəllifin baş-başa qoyduğu qurbanlarına özü bəraət versin, özü yer göstərsin.

Bu yanaşma da əbəs deyildi. Düzdür, bizə görə yeni, daha dəqiq ifadə etsəm, xor baxdığımız formadır. Həyatda olduğu kimi, səhnədə də sosial-psixoloji mexanizmlərin fəaliyyətini asanlıqla qəbul etmirik və ona rəğbət göstərənləri də mühakimə edirik. Maraqlıdır ki, rejissor bunu da eyninə almır və beləcə, səhnədəki üçlük arasında nə qurbanı, nə qatili, nə də əbləhi barmaq ilə göstərmir. Əvəzində əsərdən irəli gələn soyuq, təmkinli intellektual dramı ifaçıların daxili müqavimətinin ixtiyarına buraxır. Qalib ilə məğlubu təyinatı da. Bununla da üçlüyə öz aralarında savaş açır. Aktyorlar da inadla qəhrəmanlarının davranışları, əslində, özlərinin ifadəsi üçün psixoloji motivasiya axtarırlar.

Bu yerdə oyun üslubuna xarakterik olan keyfiyyəti özündə tapmayan aktyora qahmar çıxaraq “Rejissorun aktyor ilə işi zəif olub” deyənlər ola bilər. Amma quruluşçu aktyora kifayət edəcək qədər manevr ərazisi vermişdi. Nədənsə bunu müəyyən məqamlarda yalnız bir oyunçunun bir-iki cəhdində sezə bildik. Tamaşa boyu kiçik məkanda özünü ucsuz-bucaqsız səhrada hiss edən azmış adamları gördük. Niyəsini anlamaq da olar. Hətta bunu onlara keçmək də. Gəncdirlər, həyəcan iliklərinə işləyir və tərəf-müqabil ilə arasında hələ “divar” var. Əlbəttə, başqa tamaşalarda əlavə elementlər – butafor tör-töküntüləri səni lazımi məqamlarda tamaşaçıdan gizlədə bilir. Bu dəfə isə, demək olar ki, tərtibatsız bir tamaşada bir sən onunla duelə çıxmısan və səhv eləmək lüksun yoxdur. Bax, tamaşada, aktyor oyununda məhz bu dilemma çatmırdı və təəssüf ki, rejissor onları xilas edə bilmədi...

Həmidə Nizamiqızı