Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” əsəri tamaşaya qoyulub. Süjet xətti “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanan səhnə əsərinə oktyabrın 10-da ictimai baxış keçirilib.

...Oğuz elinin təəssübkeşi Dədə Qorqud casusun kim olduğunu bilsə də, bu məsələyə insani mövqedən yanaşmağa qərar verir. Bunun üçün o, Boğazca Fatmanı casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edərək ölümdən xilas yolunu ona göstərir...

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir. Rolları Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), habelə Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatın), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca), Səyyad Əliyev (Beyrək) və başqaları ifa edirlər.

Teatrdan verilən məlumata görə, nümayişdən sonra keçirilən müzakirədə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşları Könül Cəfərova və Günay Hümbətova çıxış edərək fikirlərini bölüşüb, yaradıcı kollektivə uğurlar diləyiblər.

Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, yaxın günlərdə “Casus”un  premyerası keçiriləcək.