Göyçay şəhərinin Natəvan küçəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Orxan Akif oğlu Kərimlinin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Orxan Kərimli 2001-ci il oktyabrın 6-da Göyçayın Potu kəndində anadan olub. 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsində cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. 2020-ci il oktyabrın 10-da Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Kəlbəcərin və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.

***

Masallı RMİ Cəlilabad rayon 1 saylı şəhər kitabxana filialının əməkdaşları və bir qrup fəal oxucu şəhid Nurlan Ağamalıyevin doğum günü münasibətilə ailəsinə baş çəkiblər.

***

Ağdaş RMİ Zərdab rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin şəhid giziri Turan Muradovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq azərbaycançılıqdır” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən mərkəzin direktoru Könül Rəhimova Turan Muradovun ömür yolundan, Vətən müharibəsində göstərdiyi şücaətdən danışıb.

***

Ağstafa RMİ Tovuz rayon MKS və rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidləri Əhməd Abbasov, Vüqar Əkbərov və Emin Hüseynovun ailələrini ziyarət ediblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Müharibə uşaqların gözü ilə” adlı Vətən müharibəsi şəhidləri Səyyar Arazov, Arzu İsgəndərov, Nicat Qasımov və Ramal Qasımovun ailə üzvləri ilə görüş keçirilib.

***

Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 2016-cı ilin Aprel döyüşləri şəhidi Rəvan Nurayevin, Vətən müharibəsi şəhidləri Vidadi Məmmədov və Natiq Mahmudovun məzarlarını ziyarət edib, onların ailələrinə baş çəkiblər.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhid baş leytenantı Mikayıl Məmmədzadənin doğum günü ilə əlaqədar “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz” adlı tədbir keçirilib. Tədbirdə qəhrəman şəhidə həsr olunan səhnə canlandırılıb. “Qönçə” xor kollektivi və bədii özfəaliyyət kollektivinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Nurəddin Məmmədli