Əməkdar artist Suğra Bağırzadənin fərdi sərgisi

 

Oktyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda Əməkdar artist, aktrisa və rəssam Suğra Bağırzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb. Sərgi sənətkarın 75 illik yubileyinə töhfədir.

ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov iştirakçıları salamlayaraq bildirib ki, kinodakı rolları ilə tanınan, ümumilikdə mədəni həyatda özünəməxsus yeri olan Suğra Bağırzadə Rəssamlar İttifaqının fəal üzvüdür. Sənətkarın mütəmadi olaraq öz gözəl əsərlərindən ibarət fərdi sərgiləri keçirilir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sərginin açılışına görə Suğra Bağırzadəni təbrik edərək deyib: “Suğra xanım haqqında illər öncə bir yazı yazmışdım. O öz həyatında da, yaradıcılığında da gözəlliyi əks etdirir. Yaratdığı əsərlərlə və yaradıcılığı ilə insana gözəl duyğu, həmçinin enerji bəxş edir...”.

Xalq rəssamı Aydın Rəcəbov Suğra Bağırzadənin Dünya Floristika Şurasının Azərbaycandan olan ilk və yeganə üzvü olduğunu vurğulayaq onun yaradıcılığından söz açıb.

Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev və Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Rafiq Kərimov da yubilyarın çoxşaxəli sənət yolundan danışıblar.

Suğra Bağırzadə sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

“Bu, yubiley ilində – 75 yaşımda üçüncü sərgidir. Bu il silsilə sərgilər keçirməyi hədəfləmişdim, buna da əməl edirəm”.

Bu sözləri isə Suğra Bağırzadə jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, əsərlərində əsasən yaz əhvalı duyulur: “Amma indi payız olduğuna görə bu əsərləri xüsusilə meşələrdən yığdığım sarı güllərdən, həmçinin dibçək güllərindən böyük sevgi ilə yaratmışam. Bu baxımdan nar, çəmənliklər, daha sonra canlı güllərdən hazırladığım payız əhval-ruhiyyəsi və s. əsərləri qeyd etmək olar”.