“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Beynəlxalq arxeologiya günü”  (15 oktyabr) qeyd olunub. Tədbirdə qoruğun direktoru Şölə Bayramova, şöbə müdiri Səma Alməmmədli çıxış ediblər.

Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu rayonun Ülgüc kəndinin yaxınlığında yerləşir. 2019-cu il oktyabrın 22-də ölkə başçısının sərəncamı ilə yaradılan qoruq ərazisində 12 tarixi abidə qeydə alınıb. 2010-cu ildən “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası Orta əsr Ağsu şəhəri yerində qazıntılar aparıb və 3 illik tədqiqatlarda 1,5 hektar sahə açılıb. Qazıntı sahələrinin üzəri örtülüb və sərgi sahələri qurulub.

Tədbir çərçivəsində heykəltəraş Vüqar Quliyev tərəfindən “Parça üzərinə basmanaxış sənəti” və bərpaçı-rəssam Cahangir Əhmədov tərəfindən “Arxeoloji tapıntıların bərpası və konservasiyası” mövzusunda dərs-kurs keçirilib.

Qoruqdakı abidələrə ekskursiya təşkil edilib, qazıntı sahələri – sənətkarlıq məhəlləsi, Cümə məscidi, buzxana və yaşayış kompleksi ilə tanışlıq olub.