Mütəfəkkir şair-dramaturqun 140 illiyinə həsr olunan beynəlxalq elmi konfrans

 

Dahi Azərbaycan şairi, dramaturq Hüseyn Cavidin (1882-1941) doğum günündə – oktyabrın 24-də AMEA Rəyasət Heyətinin binasında beynəlxalq elmi konfrans keçirilib.

“Hüseyn Cavid sənəti: ideallar və müasir dövr” mövzusunda konfrans AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə konfrans iştirakçıları Hüseyn Cavidin Bakı şəhərində ucaldılmış heykəlini ziyarət ediblər. Daha sonra AMEA Rəyasət Heyətinin binasında Hüseyn Cavidin Ev-Muzeyinin nəşrlərindən ibarət sərgiyə baxış keçirilib, Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kolleci kollektivinin ifasında Ərtoğrol Cavidin bəstələri səsləndirilib.

Konfransın plenar iclasında mədəniyyət naziri Anar Kərimov, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA Rəyasət Heyətinin üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, eləcə də “Cavid ömrü” filminin yaradıcı heyəti iştirak edib.

Akademik Arif Həşimov tədbiri açaraq ölkə başçısının Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb, konfransın bu sərəncama əsasən keçirildiyini söyləyib. Cavidin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının, dramaturgiyasının inkişafında mühüm rol oynadığını bildirən alim onun teatra, incəsənətə, ədəbi fikrimizə ciddi təsir etdiyini vurğulayıb.

“Ədibin ən böyük əsəri onun mənəvi baxımdan zəngin şəxsi həyatı olub. Cavidin həyatı və yaradıcılığı xeyirin şər üzərində qələbəsinə həsr olunub”, – deyən Arif Həşimov Hüseyn Cavidin daim inandığı əqidəsinə sadiq qaldığını, sovet rejiminin sərt qadağalarına baxmayaraq, mənən sınmadığını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə Hüseyn Cavidin nəşi uzaq Sibirdən Azərbaycana gətirilib, boya-başa çatdığı Naxçıvana aparılaraq torpağa tapşırılıb.

Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına və mədəniyyətinin inkişafına böyük töhfələr vermiş görkəmli mütəfəkkir olduğunu deyib. Bildirib ki, Hüseyn Cavid sovet ideologiyasının ən amansız dövründə milli düşüncənin təbliğatını dayandırmayıb, ideallarının müdafiəsindən geri çəkilməyib. O, əsərlərində milli təfəkkürü, azərbaycançılıq məfkurəsini xüsusi vurğulayıb və buna görə də qorxunc rejim tərəfindən cəzalandırılıb.

Nazir qeyd edib ki, Cavidin yaradıcılığı nəinki ölkəmizdə, həmçinin Azərbaycandan kənarda, Türk dünyasında da ədəbi düşüncəyə, milli məfkurənin möhkəmləndirilməsinə öz təsirini göstərib. Hüseyn Cavidin pyesləri teatrlarımızın repertuarından düşməyib, neçə-neçə aktyor nəslinin yetişməsində mühüm rol oynayıb. Ulu öndər Heydər Əliyevin daim Hüseyn Cavid adını uca tutduğunu deyən nazir böyük dövlət xadiminin təşəbbüsü ilə ədibin cənazəsinin Sibirdən Azərbaycana gətirildiyini, Naxçıvanda məqbərəsinin, Naxçıvanda və Bakıda ev-muzeylərinin açıldığını bildirib. Qeyd olunub ki, həmin dövrdə sovet ideologiyasına qarşı çıxmış bir şəxsin nəşinin Azərbaycana gətirilməsi böyük iradə tələb edirdi. Bununla ümummilli lider daim milli-mənəvi dəyərlərimizə, ədəbiyyat xadimlərimizə qayğısını bir daha sübut etmiş olub.

Anar Kərimov vurğulayıb ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 125, 135 və 140 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub, bu ilin mayında Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatasında böyük şairin barelyefinin açılışı keçirilib. Nazir Mədəniyyət Nazirliyi tərəfindən yubiley ilində həyata keçirilən və nəzərdə tutulan tədbirləri də diqqətə çatdırıb.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixinin ən böyük şəxsiyyətlərindən biridir və onun yaratdığı əsərlər teatr səhnəmizin əsasını təşkil edib, “Cavid teatrı” kimi düşüncələrimizə həkk olunub. Vurğulayıb ki, Hüseyn Cavid dövrün tələbləri və ziddiyyətlərinə qarşı çıxıb, öz dövrü ilə deyil, gələcəklə yaşayıb.Bunun nəticəsidir ki, onun “Topal Teymur”, “İblis” və s. əsərləri bu gün də aktuallığını itirməyib.

Daha sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, millət vəkili, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatının romantik korifeyi Hüseyn Cavid sənəti və əbədiyyəti” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, milli romantik şeirin və mənzum faciənin banisi olan Hüseyn Cavidin əsərləri, eləcə də dramaturgiyası öz orijinallığı ilə fərqlənir və görkəmli ədib qısa müddət ərzində öz yaradıcılığı ilə ədəbiyyatımızda bir sıra yeniliklərin əsasını qoyub. O, Azərbaycan romantik şeirinə yeni yanaşma gətirib, “Bu gecə” şeiri ilə sonet janrının Azərbaycan formatını yaradıb, marş ruhlu şeirlər ərsəyə gətirib.

Konfransa videoformatda qoşulan Özbəkistan Milli Universitetinin professoru, filologiya elmləri doktoru Hamidullah Baltabayev, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru, filologiya elmləri doktoru Nurboy Jabbarov, həmin universitetin dosenti Gülbahar Aşurova, Türkiyənin Balıkesir Universitetinin professoru Sebahattin Şimşir, Burdur M.A.Ersoy Universitetinin kafedra müdiri Canan Olpak Koç, həmçinin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Hüseyn Cavidin Ev-Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, “Cavid ömrü” filminin yaradıcı kollektivi – Xalq artisti Ramiz Həsənoğlu, Əməkdar artist Dilarə Əliyeva və Vüsal Murtuzəliyev çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb, ekran əsəri ilə bağlı fikirlərini bölüşüblər.

Həmçinin ulu öndərin 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqindən bir parça nümayiş etdirilib.

Sonra konfrans öz işini bölmə iclasları ilə başa vurub.