AYB-nin sədri Anar: “Qurultayı qalib ölkənin yazarları kimi keçirməkdən qürur duyuruq”

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) çoxdan gözlənilən və pandemiya səbəbindən iki il ertələnən XIII qurultayı, nəhayət, oktyabrın 26-da gerçəkləşdi.

Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Qurultay iştirakçıları Fəxri xiyabanda görkəmli şair və yazıçılarımızın da məzarlarını ziyarət ediblər.

Sonra Şəhidlər xiyabanına gələn qurultay iştirakçıları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini anıblar. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işinə başlayan qurultayda Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak edirdilər. Qurumun dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB üzvləri arasından isə 330-dək nümayəndə qurultaya qatılmışdı.

Qurultay iştirakçılarının qeydiyyatı bitdikdən sonra AYB-nin bölmələri üzrə hesabat məruzələri kitab halında qonaqlara təqdim edildi.

AYB sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev iştirakçıları salamlayaraq qurultayın heyətini kürsüyə dəvət etdi.

Birliyin sədri, Xalq yazıçısı Anar qurultayı açıq elan etdikdən sonra Dövlət Himni səsləndirildi. Sədr 2014-cü ildə keçirilmiş XII qurultaydan sonra dünyasını dəyişən yazıçı və şairlərin adlarını sadaladı. Ötən dövr ərzində dünyasını dəyişmiş quruma üzv şairlərin, yazıçıların və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anar müəyyən səbəblərdən gecikən qurultayın məhz indi, qalib ölkənin yazarları kimi keçirmələrindən qürur duyduğunu dedi. O, xalqımıza bu tarixi Zəfəri yaşatdığı üçün bütün yazıçılar adından Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını bildirdi.

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunu oxudu.

Məktubda qeyd olunur ki, mədəni həyatımızın mühüm hadisələrindən olan qurultayın parlaq Qarabağ Zəfəri sayəsində tariximizin şanlı səhifələrini yaşadığımız bir dövrə təsadüf etməsi yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür. “Azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi, yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparacağınıza və əhəmiyyətli qərarlar qəbul edəcəyinizə inanıram. Əminəm ki, həmin qərarlar yazıçı və şairlərimizin müasir təfəkkür tərzi ilə seçilən vətənpərvər ruhlu yeni nəsli önündə geniş üfüqlər açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaqdır”, – deyə dövlət başçısının təbrik məktubunda bildirilir.

Sonra AMEA-nın prezidenti, AYB-nin üzvü, akademik İsa Həbibbəyli çıxış edərək yazıçıları təbrik etdi. Azərbaycan ədəbiyyatının son dövrdə inkişaf mərhələləri barədə düşüncələrini bölüşən akademik dedi ki, bu qurultay son 30 il ərzində ölkəmizin ərazi bütövlüyü şəraitində keçirilən ilk qurultay kimi ədəbiyyatımızın və müstəqil Azərbaycan dövlətinin tarixində özünəməxsus yer tutacaq.

AYB-nin katibi İlqar Fəhmi qurultay iştirakçıları adından dövlətimizin başçısına ünvanlanmış müraciəti oxudu. Müraciətdə İkinci Qarabağ savaşında qazanılan Zəfərə, həmçinin ədəbiyyat xadimlərinə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub.

Çıxışlardan sonra qurultayın iş gününün birinci hissəsi məruzələrin dinlənilməsi ilə davam etdi.

Qurumun Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edərək qurultayın işinə uğurlar arzuladı.

Mədəniyyət naziri Anar Kərimov qurultay iştirakçılarına təbriklərini çatdırdı. Bildirdi ki, dövlət başçının müraciətində də vurğuladığı kimi, ədəbiyyat, söz sənəti xadimlərimiz tarixən xalqımızın milli özünüdərki, milli dəyərlərinin yaşadılması, azadlıq və mübarizə əzminin aşılanması yolunda böyük xidmətlər göstəriblər. Nazir vurğuladı ki, Azərbaycan yazıçılarının qurultayı çox əlamətdar bir dövrdə keçirilir. “Biz bura qalib xalqın nümayəndələri kimi toplaşmışıq. İnanıram ki, şanlı Zəfərimizdən ilham alan yazarlarımız bu ruhun cəmiyyətə aşılanması üçün diqqətəlayiq əsərlər qələmə alacaqlar”.

Sonra qurultayın katibliyi və seçki komissiyası seçilərək reqlament müəyyən olundu.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq şairi Ramiz Rövşən, Xalq yazıçısı Kamal Abdulla, millət vəkili Jalə Əliyeva, Türkiyənin sabiq mədəniyyət naziri, yazar Namiq Kamal Zeybək, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusif Huşk, Rusiyanın keçmiş mədəniyyət naziri, ədəbiyyatşünas, tənqidçi Yevgeni Sidorov, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar və başqaları çıxış edərək Azərbaycan ədəbiyyatının inkişafından Yazıçılar Birliyinin beynəlxalq əlaqələrindən söz açdılar.

Professor Y.Huşk ölkələrimiz arasındakı mövcud dostluq əlaqələrindən danışdı. O, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin konkret layihələr üzrə uğurla davam etdirildiyini söylədi. Azərbaycan və bütün Türk dünyasının ədəbi-mədəni pasportu olan “Kitabi-Dədə Qorqud” eposunun Pakistanda urdu dilində nəşr olunduğunu bildirdi və kitabı Xalq yazıçısı Anara təqdim etdi.

Anar görkəmli ictimai-siyasi xadim, türkoloq, Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovun təbrik məktubunu oxudu. Sədr həmçinin Namiq Kamal Zeybəkin AYB-nin fəxri üzvü seçildiyini diqqətə çatdırdı.

Qurultay günün ikinci yarısında məruzələrlə davam etdi. Məruzələrdə qurumun fəaliyyət istiqamətlərindən söz açıldı, həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olundu. Çıxışlarda bir sıra təkliflər də səsləndirildi.

AYB sədrinin müşaviri, yazıçı-dramaturq Elçin Hüseynbəyli qurumun Qarabağ bölməsinin Şuşada yerləşməsinin vacibliyini bildirdi və Cəbrayılda Şərqi Zəngəzur bölməsinin yaradılmasını təklif etdi.

Millət vəkili, akademik Nizami Cəfərov Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) ev-muzeyinə rəsmi statusun verilməsinin vacibliyini qeyd etdi.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə mətbuat yayımı ilə bağlı problemlərdən danışdı: “Bakının hər tinində qəzet və jurnal köşkləri var. Amma bu köşklərdə nə desən, satılır... Bir roman, bir hekayə, bir şeir yazıldığı halda oxuculara çatdırılmırsa, onun heç bir əhəmiyyəti yoxdur. Mətbuat yayımı müəlliflə oxucu arasında əlaqə deməkdir. Bu əlaqə olmadan yaradılan ədəbiyyat əhəmiyyətini itirir”.

Daha sonra qurultayda açıq səsvermə ilə sədr seçkisi keçirildi. Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçildi. Həmçinin birliyin rəhbər strukturu, Ağsaqqallar şurası, İdarə heyəti və Təftiş komissiyası müəyyənləşdi.

Sədr tədbirin belə yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Ona yenidən etimad göstərdiklərinə görə qurultay iştirakçılarına təşəkkürünü dilə gətirən Anar “Azərbaycan yazıçısı millətinə, dövlətinə və ədəbiyyata hər zaman sadiqdir və həmişə bu yoldadır”, – deyə vurğuladı.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi 1934-cü ildə yaradılıb. Ötən müddətdə yazıçıların qurultayları müxtəlif dövrlərdə fərqli dövriliklə keçirilib. 1971-1991-ci illər arası (V-IX qurultaylar) 5 ildən bir gerçəkləşib. Müstəqilik dövründə yazıçılar ilk dəfə 1997-ci ildə qurultaya (X qurultay) toplaşıblar. Sonrakı iki qurultay 2004 və 2014-cü illərə təsadüf edib. 1987-ci ildən AYB-yə Xalq yazıçısı Anar rəhbərlik edir.

Lalə Azəri