“Türk dünyasının ruhani paytaxtı” adını alan Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Türk Akademiyasının (BTA) Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutu ilə birgə apardığı qazıntılar nəticəsində tapılan Qutluq Kağan abidə kompleksi və kitabəsinin beynəlxalq təqdimat mərasimi keçirilib. Bu münasibətlə Türküstanda keçirilən “Abidələri qoruyan millət” mövzulu beynəlxalq konfrans çərçivəsində fotosərgi açılıb.

BTA-nın vitse-prezidenti Füzuli Məcidli Monqolustanın Nomqon düzündə aparılan arxeoloji qazıntı zamanı aşkar edilən Qutluq Kağan abidə kompleksi haqqında məlumat verib.

Konfransın qonaqları – UNESCO-nun Almatı Klaster Ofisi rəhbərinin müavini Maqnus Maqnusson, TÜRKSOY-un Baş katibi Sultan Raev, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin baş direktoru Mahmud Erol Kılıç və digər iştirakçılar sərgiyə böyük maraq göstərib, qiymətli tapıntı ilə bağlı fikirlərini bölüşüblər.