Debüt filmini çəkmək istəyən rejissorlar üçün

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası “Start-2023” adlı film layihəsi müsabiqəsi elan edib.

Kinostudiyadan verilən məlumata görə, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq və bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunur.

Müsabiqə müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Filmlər üçün janr və mövzu məhdudiyyəti yoxdur.

Sənədlərin qəbulu noyabrın 1-dən yanvarın 31-dək elektron şəkildə musabiqe@azerbaijanfilm.az poçt ünvanı vasitəsilə aparılır.

Layihələr “Azərbaycanfilm” Kinostudiyası nəzdində yaradılmış Ekspert şurası tərəfindən seçiləcək və qaliblər gələn ilin aprel ayında elan ediləcək. Qalib layihələrin gələcəkdə kinostudiyada istehsala buraxılması nəzərdə tutulur.

Müsabiqənin reqlamenti ilə daha ətraflı layihənin saytında tanış olmaq olar.