Çağımızın görkəmli fırça ustalarından Xalq rəssamı, professor Arif Hüseynovun oktyabrın 29-da 79 yaşı tamam oldu. Bu münasibətlə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzində (UGİM) tədbir təşkil edildi.

Tədbirdə ilk olaraq qonaqlar mərkəzin gənc rəssamlarının Arif Hüseynovun əsərlərinə çəkdiyi illüstrasiyalardan ibarət sərgi ilə tanış oldular.

UGİM-in direktoru Lalə Qəti bildirdi ki, mərkəz məktəbdənkənar təhsil müəssisəsi olaraq uşaq, yeniyetmə və gənclərin estetik zövqlərinin, dünyagörüşlərinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Xalq rəssamı Arif Hüseynovun doğum gününə həsr olunan görüş də bu silsilədəndir: “Arif müəllim uzun illərdir ki, mərkəzin rəssamları ilə sıx dostluq əlaqələri yaradıb. O, folklorumuza, adət-ənənələrə bağlı sənətkarlardandır. Bu tədbirdə də rəssamın nağıllar mövzusunu əsas götürmüşük. Çünki fırça ustasının bu mövzuda silsilə əsərləri var”.

Arif Hüseynov təşkil edilən görüşə görə təşəkkürünü bildirdi. Dedi ki, bu yaşına qədər ən gözəl hədiyyə həmkar adlandırdığı gənclərin ona ərməğan etdiyi bugünkü tədbirdir. Uşaqların onun əsərlərinə çəkdiyi rəsmlər böyük dəyərə malikdir.

Sərgiyə baxışdan sonra mərkəzin “Çiçəyim” uşaq teatrının gənc aktyorları rəssamın çəkdiyi nağıl qəhrəmanlarının obrazları ilə səhnəyə çıxdılar. Aktyorların ifasında “Rəssamın rəngləri” adlı qısa səhnəcikdən sonra Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Etibar Babayev, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xalq artisti Təranə Muradova çıxış edərək rəssama cansağlığı arzuladılar. Diqqətə çatdırıldı ki, rəssam öz yaradıcılıq yolunu çoxdan tapsa da, daima axtarışdadır. Onun hər bir əsərində yeni axtarışları aydın görünür. Bu əsərlər gözəl melodiya kimi daim zövqləri zənginləşdirir. Rəssamın yaradıcılığında sosial-siyasi və vətənpərvərlik mövzuları üstünlüyük təşkil edir. İnsani keyfiyyətləri ilə də hər zaman örnəkdir.

Tədbirin sonunda “Mədəniyyət” kanalı tərəfindən lentə alınan “Nağılbazın kələyi” filmi nümayiş olundu. Nümayişdən sonra Arif Hüseynov tədbirə qatılan bütün qonaqlara və gənc istedadlara minnətdarlığını bildirdi.

Lalə