ABŞ-ın “Disney” kino şirkətinin (Walt Disney Pictures) Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında çəkdiyi serialın ilk treyleri yayımlanıb. 

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə istehsal olunan “Atatürk” serialının ilk təqdimatı böyük maraq doğurub.

Emosional səhnələrlə yaddaşlarda qalan treylerdə Atatürkün əzəmətli səslə söylədiyi “Vətənin bağrına düşmən dayasın xəncərini, tapılar qurtaracaq bəxti qara madərini” sözləri diqqət çəkir.

6 seriyadan ibarət ekran əsərində türk xalqının xilaskarı, qazi Mustafa Kamal obrazını tanınmış aktyor Aras Bulut İynemli canlandırır. Filmin rejissoru Mehmet Ada Öztekindir. Musiqilərini “Oskar” mükafatçısı Hans Zimmer bəstələyib. “Atatürk” serialı gələn il – Türkiyə Cümhuriyyətinin 100-cü ilində ekranlara çıxacaq.