Bölgələrdə fəaliyyət göstərən mədəniyyət ocaqlarında şanlı Zəfərimizin ikinci ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir, ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən oğullarının xatirəsi yad olunur. 

Şəki RMİ və “Kanal S”in dəstəyi ilə Şəki Heydər Əliyev Mərkəzində rejissor Elvin Nüsrətoğlunun müəllifi olduğu Vətən müharibəsi şəhidi Fərid İzzətli haqqında “Cənab leytenant” adlı filmin nümayişi keçirilib. Sonra RMİ-nin rəisi Azər Yusubov, şəhid atası Aydın Cabbarov və digərləri çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Zaqatala şəhər Mədəniyyət evində “44 günün Zəfəri” adlı tədbir keçirilib. Çıxış edənlər böyük Zəfərə görə Ali Baş Komandan İlham Əliyev başda olmaqla, rəşadətli Ordumuzun əsgər və zabitlərinə minnətdarlıqlarını bildiriblər.

***

Biləsuvar RMİ Cəbrayıl rayon Mədəniyyət evi, Fuğanlı kənd klubu və 6 saylı Hacılı kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Əyyub Süleymanovun ailəsini ziyarət ediblər.

***

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova və regional idarənin əməkdaşları Vətən müharibəsi şəhidi Elməddin Yusibovun anım mərasimində iştirak ediblər. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarına tər qərənfillər düzülüb.

Yevlaxda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir. Şəhidlərin xatirəsinə inşa edilmiş növbəti abidənin açılışı 8 Noyabr – Zəfər Günü ərəfəsində Qoyunbinəsi kəndində olub. Tədbirdə mədəniyyət işçilərinin və kənd tam orta məktəbi şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

***

Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində şəhid Rəhman Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Məlumat verilib ki, Rəhman Zakir oğlu Əliyev 1970-ci il yanvarın 15-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Ermənistanın respublikamıza qarşı hərbi təcavüzü başlayanda Rəhman Əliyev də silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdam-Əsgəran istiqamətlərində döyüşlərdə iştirak edib. Fərrux yüksəkliyi uğrunda yaralansa da, yenidən döyüşlərə qatılıb. 1992-ci il noyabrın 1-də şəhidlik zirvəsinə ucalıb.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasında şəhid ailələri ilə  “Ölümləri ilə ölümsüzləşən qəhrəmanlar” adlı görüş təşkil edilib.

Mir Cəlal Paşayevin Ev-Muzeyi Zəfər Gününə həsr olunmuş tədbir keçirib. Gəncə şəhər Uşaq incəsənət məktəbinin müəllim və şagirdləri vətənpərvər ruhlu mahnılar ifa ediblər.

***

Ağdaş RMİ Göyçay rayon MKS-nin Mərkəzi Kitabxanasında Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Vidadi Xəlilovun anım günü ilə əlaqədar tədbir keçirilib.

***

Ağstafa RMİ Ağstafa Dövlət Rəsm Qalereyasında “Şanlı Zəfər Günü uşaqların gözü ilə” başlıqlı rəsm sərgisi açılıb. Müəssisənin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri və gənc rəssamların Zəfər Gününə həsr olunmuş əl işləri nümayiş olunub.

Qazax Dövlət Rəsm Qalereyası və “Gənclərin İntellektual İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Əsrə bərabər 44 gün” mövzusunda rəsm müsabiqəsi keçirilib. Mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı ilə seçilən əsərlər müvafiq yerlər üzrə qalib elan edilib.

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi rayon Mədəniyyət Mərkəzində Zəfər Günü münasibətilə konsert keçirib. Şagirdlərdən ibarət xor kollektivi və uşaq ansamblı maraqlı ifalarla iştirakçıların könlünü oxşayıblar.

***

Kürdəmir RMİ Kürdəmir Dövlət Rəsm Qalereyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Məktəblilərin əl işlərindən ibarət “30 illik həsrətə son” adlı sərgi nümayiş olunub.

Beyləqan rayon MKS-nin İkinci Şahsevən kənd kitabxana filialının və kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Dayandur Əliyev adına İkinci Şahsevən kənd tam orta məktəbində “Zəfər bayramınız mübarək!” adlı tədbir keçirilib. Məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa olunub və rəqs nömrələri təqdim edilib.

***

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Masallı şəhər məktəbliləri arasında bilik yarışı keçirilib. 8 komandanın iştirak etdiyi və 3 turdan ibarət yarışda N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəb I, N.Əsgərli adına şəhər 3 saylı tam orta məktəb II, Dəfinə məktəb-liseyi isə III yerə layiq görülüb.

***

Sabirabad RMİ Saatlı Dövlət Rəsm Qalereyasında “Zəfərin mübarək, Azərbaycan!”  adlı tədbir keçirilib. Zəfər Günü ilə əlaqədar hazırlanmış rəsm sərgisi nümayiş olunub.

Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Biz Vətən naminə ölsək, dirilərdən diriyik!” adlı tədbir təşkil edilib. Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik ruhlu mahnılar səsləndirilib.

***

İsmayıllı RMİ Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Aqşin Ənvərlinin xatirəsi anılıb. “Aqşin qəlbimizdə yaşayır” adlı tədbirdə muzeyin direktoru Bəxtiyar Vəliyev Vətənə sədaqətli övlad yetişdirdikləri üçün şəhidin valideynlərinə təşəkkürünü bildirib. Şəhidin valideynləri Faiq Abdullayev, Dilrubə Səmədova və başqaları Aqşinlə bağlı xatirələrini bölüşüblər.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana klubun əməkdaşları Vətən müharibəsi qazisi Əli İbrahimovun ailəsini ziyarət edərək qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olublar.

Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Zəfər Günü münasibətilə ekskursiya təşkil edilib. Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbinin III və IV sinif şagirdlərinə rayonun tarixini əks etdirən eksponatlar haqqında məlumat verilib.

Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbində “Qarabağ Azərbaycandır!” adlı tədbir təşkil olunub. Məktəbin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Nirəddin Məmmədli