Hacıqabul rayonunda yerləşən “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və hər iki qurumun əməkdaşları iştirak ediblər. Qoruq ərazisində müxtəlif növ ağaclar əkilib.

Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb, Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyəti bir daha vurğulanıb. Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmuş Dövlət Xidmətinin əməkdaşları da ürək sözlərini ifadə ediblər.

Tədbir zamanı həmçinin işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması və bərpası istiqamətində atılan addımlardan söz açılıb.

Sonda tədbir iştirakçıları “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

N.Məmmədli