İstanbul Mərmərə Universitetində beynəlxalq simpozium keçirilib

 

Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı böyük şair və dramaturqun irsinin tədqiqi və təbliğ sahəsində yeni mərhələnin başlanmasına zəmindir. Mütəfəkkir ədibin yaradıcıılığının önəmli bir istiqaməti Türkiyə ilə bağlıdır.

Bu fikir noyabrın 4-də İstanbuldakı Mərmərə Universitetində keçirilən “Hüseyn Cavid və Türkiyə” mövzusunda beynəlxalq simpoziumda vurğulanıb.

İstanbulda Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin rəhbəri və Hüseyn Cavid məktəbinin qurucusu Şərqiyyə Məmmədova ilə Mərmərə Universiteti İnsan və cəmiyyət elmləri fakültəsinin birgə təşkilatçılığı ilə gerçəkləşən simpoziumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Bolqarıstan və Azərbaycandan elm və mədəniyyət xadimləri məruzələrlə çıxış ediblər.

Mərmərə Universitetinin professoru, Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Harun Duman giriş sözündə Hüseyn Cavidin yalnız Türkiyə və Azərbaycanı deyil, bütün türk dünyasını bağlayan ən mötəbər mənəvi körpülərdən olduğunu bəyan edib.

Şərqiyyə Məmmədova salamlama nitqində Hüseyn Cavid irsinin Türkiyədə təbliğindən, dən İstanbuldakı dahi şairin adını daşıyan Azərbaycan məktəbinin bu istiqamətdə fəaliyyətindən bəhs edib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik, millət vəkili Rafael Hüseynov simpoziumda böyük maraqla qarşılanan “Əbədi hürriyyət və səma şairi Cavid” mövzusunda geniş məruzə ilə çıxış edib. O deyib: “Bu gün burada bizi əbədi sözün gücü və müstəsna şəxsiyyətin nuru birləşdirir. İndi, yaşı 140-a çatarkən böyük Cavidi xəyalımızdan keçirəndə gəldiyimiz ən vacib qənaətlərdən ilki budur ki, hər halda həyatının bütün keşməkeşləri və sarsıntılarına baxmayaraq o, son dərəcə məsud bir insandı. Bir əsrdən də bir az əvvəl gənc Cavid İstanbul Universitetinin tələbəsi idi, hər gün elə bizim indi etdiyimiz kimi bu göyçək şəhərin küçələrindən keçirdi, gələcəyə saysız ümid və arzularla dolu günlər yaşayırdı. Bu gün yaşı 140 çatanda o yenə İstanbuldadır, yenə diridir, yenə insanlarla, sevənləri ilə ürək-ürəyə, nəfəs-nəfəsədir və yenə universitetdədir, tələbələr, müəllimlər arasında, gəncliklə, gələcəklə birgədir”.

Hüseyn Cavidin müsibətli həyatından bəhs edən Rafael Hüseynov bildirib ki, onu həyatdan qopardılar, tarixdəki izlərini belə birdəfəlik yox etməyə çalışdılar, adına, yazdıqlarına yasaq qoydular. Ancaq içərisində yaşadığı günlərə çox hündürdən və çox uzaq gələcəkdən baxmağa qadir olan şair inandı ki, işığı sevməyən yarasalar nə qədər çalışsa da, günəşi qaranlıqlara qərq etmək onlara qismət olmaz. Onun umduğu və inandığı gerçəyə çevrildi. Sevənlərinin ürəyində pərəstiş bulmaq və daim gənc olmaq qismətini tarix onun əbədi yol yoldaşı etdi.

Mütəfəkkir şairin yaradıcılığının məziyyətlərinə toxunan Rafael Hüseynov vurğulayıb ki, Cavid böyük ideyalarını yazdığı üçlü faciələrdə əks etdirib. “Topal Teymur”u araya-ərsəyə gətirmişdi, 1937-ci ildə Çingizxana həsr etdiyi dramını bitirdi, həbs olunduğu gecə evindən aparılmış itkin əsərlərindən biri məhz bu idi və elə həmin il “Koroğlu”nu yazmağa başlayırdı. Bitməz sevgi, dünyanı qovuşdura biləcək “məhəbbət dini” haqqında “Şeyx Sənan”ı yazdı, üstün zəkanın insanı hər buxovdan azad edə bilmək qüdrəti barədə “Xəyyam” pyesini doğurdu, haqsızlığa üsyan edən “Səyavuş” dramını qələmə aldı. Dünyanı sarsıdan şər haqqında düşündü, “İblis”i qələmə aldı. Dünyanı xilas edəcək şəfqət haqqında düşündü, “Peğəmbər” əsərini yazdı. Ən ali münsif haqqında son əsərini “Allah”ı yazmağa başlayanda dustaq idi, həmin əsəri bitirməyə macal tapmadı.

Akademik nəzərə çatdırıb ki, sanki uzaqgörən şair öz taleyini də irəlicədən sezərək gələcəkdə baş verəcəkləri də qabaqcadan təsvir edib: “Məkanının yer deyil, çox ucalar, səmalar olmasını “Yerə enməm də səma şairiyəm” sözləri ilə şair özü bəyan etmişdi və necə söyləmişdisə, həm məcazi və həm də müstəqim mənada düşündüyü təhər də oldu. Bu gün əlçatmaz göylərdə süzən, hərəkətdə olan kiçik planetlərdən biri Cavidin adını daşıyır. Aydın gecələrdə ulduzlarla dolu göylərə tamaşa edərkən bunu da düşünün ki, uzaqlardan sizə baxan, sayrışan həmin səyyarələrin arasında Cavid ulduzu da var və Cavid ulduzu daim parlayacaq, onun işığı həmişə bizimlə, insanla olacaq!”.

Simpozium işini iki dinləmə ilə davam etdirib. Professor Yusif Gədikli “Cavidin İstanbul məktubları”, doktor Ənvər Uzun “Müasir həyatımızda Cavid və qadın”, daşkəndli filologiya doktoru, jurnalist Rüstəmcan İqbal “Hüseyn Cavid və özbək ədəbiyyatı”, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Cavid həyatının İstanbul dövrü”, Qazaxıstandan Gülsayajan Yessimbayeva “Dünya ədəbiyyatı və Hüseyn Cavid” və filologiya elmləri doktoru Kuljibek Kusmanova “Cavid yaradıcılığının dərin qatları”, Bolqarıstandan Nurtən Rəmzi “Hüseyn Cavidin türklük düşüncəsinin kamilləşməsinə təsirləri”, Axısxa türklərindən dosent Sevil Piriyeva “Hüseyn Cavidin “İblis” əsəri və iblislik mövzusu dünya ədəbiyyatında”, ukraynalı İrina Driqa “Yazarlar və Stalin istibdadı” mövzularında çıxış ediblər.

Daha sonra Xalq artisti, rejissor Ramiz Həsənoğlu “Cavid ömrü” filmindən parçaları simpozium iştirakçılarına təqdim edib, adı dahi şairin qızının şərəfinə seçilmiş Turan Hümbətova Cavid ocağı ilə bağlı xatirələrini bölüşüb. Azərbaycanlı alim, professor Əyyub Quliyev səma xəritəsindəki kiçik planetlərdən birinə Hüseyn Cavidin adının verilməsinin tarixçəsindən bəhs edib.

Azərbaycan Respublikasından və İran Azərbaycanından aktyor və musiqiçilərin təqdimatında ədəbi-musiqili kompozisiya da maraqla qarşılanıb.

Simpoziumun yekununda Türkiyədə ilk dəfə Hüseyn Cavidlə bağlı belə genişmiqyaslı və elmi-bədii məzmunlu tədbirin keçirilməsində xüsusi səyləri olan elm-sənət hamisi Anar Əlizadənin xidməti ayrıca vurğulanıb, məruzəçilərə sertifikatlar verilib.