Tofiq Quliyev doğumunun 105-ci ildönümündə məzarı başında yad edilib

 

Noyabrın 7-si görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) anadan olmasının 105-ci ildönümü idi. Bu münasibətlə bəstəkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Tofiq Quliyev adına 12 nömrəli Musiqi məktəbi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşları, eləcə də bəstəkarın ailə üzvlərinin iştirak etdiyi anım mərasimində məzarın önünə əklil və tər çiçəklər qoyulub.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib ki, Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətində estrada-caz musiqisinin təməlini qoyaraq, yeni səhifə açmış korifey sənətkardır. O, Azərbaycan professional musiqi ənənələrinin Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş istiqamətinin davamçısı olmaqla bərabər, yeni bir musiqi-mədəni janrın – estrada və caz musiqisinin, ilk Azərbaycan Dövlət Caz Orkestrinin yaradıcısıdır.

Firəngiz Əlizadə ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş Tofiq Quliyevin zəngin yaradıcılığına diqqət çəkib. Bildirib ki, o, 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Eyni zamanda bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı mahnıları əbədiyaşardır: “Bu gün böyük bəstəkar aramızda olmasa da, onun mahnıları müxtəlif tədbirlərdə, konsertlərdə daim eşidilir. Ona görə ki, T.Quliyevin mahnıları, ayrı-ayrı tamaşalar üçün yazılan musiqiləri bizim musiqi tariximizə qızıl hərflərlə yazılıb və könlümüzdə daim yaşayacaq. Fəxr edirəm ki, bu böyük bəstəkarın rəhbərliyi altında Bəstəkarlar İttifaqında onunla bir yerdə çalışmışam”, - deyə F.Əlizadə bildirib.

Bəstəkarın adını daşıyan 12 nömrəli Musiqi məktəbinin direktoru Gülnarə Səfərova və Xalq artisti, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin dirijoru Ağaverdi Paşayev çıxış edərək bildiriblər ki, Tofiq Quliyev mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etməyi bacarıb. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanıb. Bu mahnıları Rəşid Behbudov, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova kimi korifey müğənnilər ifa edirdilər. O zamanlar böyük məşhurluq qazanmış “Qaya” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaltdı. 200-dən artıq mahnı yazan Tofiq Quliyev melodik üslubun təbiətini gözəl duyurdu. Onun mahnı sahəsindəki yaradıcılıq nailiyyətləri sonrakı nəsil bəstəkarlarının yaradıcılığında bir ənənə şəklində davam və inkişaf edib. O, 1951-ci ildə “Azərbaycan xalq rəqsləri” toplusunun hazırlanmasında iştirak edib. O, ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Görkəmli bəstəkarın mahnıları hələ neçə-neçə qərinələr sonra da sevgi və maraqla dinləniləcəkdir.

Xatirə mərasiminin sonunda bəstəkarın qızı Lalə Quliyeva tədbirin bütün iştirakçılarına dərin minnətdarlığını bildirib.