Məşədi Zeynalın ifasında tar sanki xanəndə kimi dil açıb oxuyarmış...

 

Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan incəsənətinə, elm və ədəbiyyatına töhfələr vermiş tanınmış simaları haqqında silsiləmizi davam etdiririk. Bu dəfə tar ifaçılığı sənətində iz qoyan Məşədi Zeynal haqqında söz açacağıq.

Məşədi Zeynal Haqverdiyev 1861-ci ildə Şuşanın Kərkicahan kəndində dünyaya göz açıb. Erkən çağlardan tara maraq göstərir, ustad tarzənlərdən, o cümlədən, Sadıqcandan ifaçılığın sirlərini öyrənir. Gənc yaşlarından Şuşanın musiqi məclislərinin yaraşığına çevrilir. Mahir çalğısı ilə dövrünün tanınmış musiqi xadimlərinin diqqətini çəkir. Xalq məclislərində Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinski və başqa xanəndələri müşayiət edir.

Şuşada ilk dəfə keçirilən “Şərq gecəsi”ndə Məşədi Zeynal da çıxış edir və böyük ifaçılıq məharəti göstərir. 1907-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyəti onun və digər sənətkarların iştirakı ilə təntənəli gecə təşkil edir. İctimai tədbirlərdə fəal iştirakı onu daha da məşhurlaşdırır. Sənət şöhrəti Üzeyir Hacıbəyli tərəfindən qiymətləndirilir. Dahi bəstəkar onu opera tamaşalarında ifa etməyə dəvət edir. Görkəmli musiqişünas Firidun Şuşinski araşdırmasında “Leyli və Məcnun“ operasının afişalarından biri haqqında məlumat verilir: “1911-ci il noyabrın 4-də Nikitin qardaşlarının teatr binasında (indiki Akademik Musiqili Teatrın binası – red.) Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası göstəriləcək. Orada məşhur tarzən Zeynal Haqverdiyev ifa edəcəkdir”.

1915-ci ildə Bakı ictimaiyyətinin mədəni istirahəti üçün “Nicat” cəmiyyətinin təşəbbüsü ilə “Şərq gecəsi” adlı musiqili proqram təqdim edilir. Məşədi Zeynal tarda “Rahab”, neydə isə Mirzə Abdulla “Rast” muğamını səsləndirirlər. Gecədə Hüseyn Ərəblinski Hamletin məşhur “Olum, ya ölüm” monoloqunu söyləyir. Həmin tədbirdə aşıq Abbasqulu, Abdal Qasım və başqaları da iştirak edirlər.

Mənbədə göstərilir ki, Məşədi Zeynal musiqi tariximizdə Sadıqcandan sonra solo ifa edən ikinci tarzən olub. O öz çalğısında yüksək texniki ustalıq nümayiş etdirib. Bununla da muğamın son dərəcə əzəmətli və nikbin səslənməsinə nail olub. “Hasar”, xüsusilə “Müxalif” şöbələrində misilsiz barmaqlar vuraraq öz çalğısında nəinki xanəndə guşə və xallarını, hətta çətin zəngulə elementlərini belə məharətlə göstərib. O, ustadı Sadıqcan kimi cingənə simlərdə gəzişər, bir neçə formada alt-üst mizrablar vurarmış. Məhz buna görə də saysız-hesabsız dinləyicilər həmişə onun çalğısının intizarında olub.

Tarzən xanəndə oxutdurmaqda da mahir imiş. Qeyd edilir ki, klassik tarzənlər arasında Məşədi Zeynal kimi xanəndəni oxutdurmağı bacaran tək-tək tarzənlər olub. Qocaman sənətkarlardan Qurban Pirimov, Mirzə Mənsur, Seyid və Xan Şuşinskilər Məşədi Zeynal haqqında yüksək fikir söyləyiblər. Xan Şuşinski onun haqqında deyib: “Məşədi Zeynal olan məclisdə hər xanəndə cürət edib oxumazdı. Çünki rəhmətlik tarı elə bir ustalıqla çalırdı ki, elə bil tar xanəndə kimi dil açıb oxuyur. Biz tarın nə olduğunu və tarı necə çalmağın sirrini Məşədi Zeynalın çalğısında hiss etmişik. Onun bir layiqli insan kimi də tayı-bərabəri yox idi. Son dərəcə alicənab, ağırtəbiətli idi. O, məclisə daxil olanda hamı ayağa qalxardı...”.

Məşhur muğam ustası Mirzə Muxtar da, tarzən haqqında maraqlı xatirə danışıb: “Xaric oxumaq fəlakətdir. Bir gün bir məclisdə “Şur” oxumaq istəyən xanəndə ağzını açarkən Məşədi Zeynal ondan nə oxuduğunu soruşur. Xanəndə də “Şur” cavabını verir. Məşədi Zeynal tarı yığışdırıb məclisə müraciət edir: “Camaat, bu mərsiyəxana tarzən lazım deyil. Oxuduğu isə “Şur” yox, şordu...”.

Tarzənlə uzun illər dostluq etmiş ustad xanəndə Seyid Şuşinski Məşədi Zeynalla çalıb-oxumaqdan həzz aldığını söyləyib: “O, nəinki məni oxutdururdu, həm də öyrədirdi. Qafqazda tarçalanların hamısı Məşədi Zeynalın barmaqlarını vurmağa cəhd edərdilər. Mənim “Çahargah” ustası kimi püxtələşməyimdə onun əməyi çox olub. Məşədi Zeynal Azərbaycan musiqisi xadimləri içərisində istedadlı bir tarzən, qabil bir sənətkar kimi şərəfli yer tutur. O, Azərbaycan xalqı üçün əvəzsiz sənətkar olub və bunun üçün çox zəhmətlərə qatlaşıb. Birdə ki, o, tək varlıların, kübar ailələrin deyil, geniş xalq kütləsinin zövqünü, mənəvi ehtiyacını ödəmək üçün tar çalıb. Ömrünün son günlərinədək sevimli tarından ayrılmayıb. Müəllimi Sadıqcanın tar məktəbini nəinki davam etdirib, həm də bu məktəbi zənginləşdirib. Onlarca istedadlı tarzən yetişdirib...”.

Azərbaycan tar ifaçılığına öz möhürünü vurmuş ustad tarzən Məşədi Zeynal yaradıcılığının ən bəhrəli çağında, 1918-ci ildə Bakıda vəfat edib.

Savalan Fərəcov