İspaniyanın San-Sebastyan şəhərində, Bask Diyarı Milli Orkestrinin konsert zalında skripkaçı Kamran Ömərlinin rəhbərliyi ilə “Le Monde” simli kvartetinin kamera musiqisi axşamı keçirilib. Proqramda Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Muğamsayağı” əsəri və Norveç bəstəkar Edvard Qriqin “G minor op 27 simli kvartet”i səslənib.

Konsertdən əvvəl Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov orkestrin baş direktoru Oriol Rok ilə görüşüb. Diplomat Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadənin yaradıcılığına göstərdiyi diqqətə görə orkestrin rəhbərliyinə təşəkkürünü bildirib.

Oriol Rok öz növbəsində mədəniyyətlərarası dialoqun əhəmiyyətini qeyd edərək, Azərbaycan və İspaniya musiqiçilərinin iştirakı ilə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Bask Diyarı Milli Orkestrinin baş skripkaçısı, Reyna Sofiya Musiqi Məktəbinin (İspaniya) məzunu Kamran Ömərli “Colores de sonido” (“Səsin rəngləri”) adlandırdıqları konsert proqramı barədə dinləyicilərə məlumat verib.

Sonra “Le Monde” simli kvartetinin ifası təqdim edilib. Konsert orkestrin 400 tamaşaçı tutumuna malik zalında anşlaqla keçib.

Konsertdən sonra media təmsilçilərinə açıqlama verən K.Ömərli bildirib ki, bu il 75 illik yubileyini qeyd edən Firəngiz Əlizadə öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətini ölkəmizin hüdudlarından uzaqlarda da təbliğ edir: “Mən də bir azərbaycanlı musiqiçi kimi vətənimdən uzaqda yaşasam da, bu konsertlə Firəngiz xanımı yubileyi münasibətilə təbrik etmək, Azərbaycan mədəniyyətinin İspaniyada təbliğinə töhfə vermək istədim”.

Fransız skripkaçı Virjil Demiyak F.Əlizadənin əsəri ilə bağlı təəssüratlarını bölüşüb: “Muğamsayağı” çox təzadlı, sakit və meditativ hissələrə, virtuozluq partlayışlarına malik əsərdir. Əsər çox sərbəst tərtib olunub və simli kvartetin ifasında improvizə edilmiş nəğmə, meditasiya kimi görünür. Bu əsərdə F.Əlizadə kvartetə zərb alətləri əlavə edir. Zərb alətlərindən istifadə kvartet üçün yeni səs imkanları açır”.

Polşadan olan violonçel ifaçısı Monika Mazur ilk dəfə Azərbaycan musiqisi ifa etdiyini deyib: “Muğamsayağı”na toxunaraq, sanki başqa reallığa keçirəm. Bu, yeni mədəniyyətləri və musiqiləri təcrübədən keçirmək üçün əla “səyahət”dir”.

Konsertdən sonra səfir R.Həsənov ispan dinləyicisini Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış etdiyinə görə kvartetin musiqiçilərinə təşəkkürünü bildirib.