Azərbaycan haqqında turistik film festivalda 1-ci yerə layiq görülüb

 

“Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” adlı qısa film Yunanıstanda, 13-cü Amorqos Beynəlxalq Turizm Filmləri Festivalında “Turizm destinasiyası olan ölkələr” nominasiyası üzrə 1-ci yerə layiq görülüb.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, eyni nominasiya üzrə ikinci pillədə Avstraliya, üçüncü pillədə isə Avstriya qərarlaşıb.

“Turizm destinasiyası olan ölkələr”, “Turizm destinasiyası olan şəhərlər”, “Turizm məhsulları”, “Turizm xidmətləri”, “Səyahət üzrə marketinq videosu” və “Müstəqil səyahət videosu” nominasiyalarını əhatə edən müsabiqədə 50 ölkədən 145 videoçarx-film iştirak edib. Münsiflərin qiymətləndirməsindən sonra 25 qısa film nominasiyalara namizəd seçilib.

“Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” filmi “DARS FILMS” tərəfindən “BBC World News” üçün hazırlanıb.

Amorqos Beynəlxalq Turizm Filmləri Festivalı 2017-ci ildən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.