Noyabrın 14-də Qubada Ahıska türklərinin sürgün olunmasının 78-ci ildönümünə dair tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Quba rayonunun Ağbil kəndində Vətən müharibəsi şəhidi, Ahıska türkü Batdal Bayraqdarovun xatirə-bulaq kompleksini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan-Türkiyə Qardaşlıq parkında təşkil olunan tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev, Azərbaycanda Yaşayan Ahıska Türkləri “Vətən” İctimai Birliyinin sədri İsmayıl Rəhimov çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, 1944-cü ildə Stalinin əmri ilə Gürcüstanın Türkiyə ilə sərhədində yaşayan Ahıska türkləri Orta Asiyaya deportasiya olunub. 17 mindən çox Ahıska türkü sürgün zamanı həlak olub. Deportasiyaya məruz qalmış xalqlar reabilitasiya edildikdən sonra, keçən əsrin 50-ci illərinin ortalarında Ahıska türklərinin bir qismi Azərbaycana gəlib. 80-ci illərin sonlarında isə 50 minə yaxın Axıska türkü Orta Asiyadan ölkəmizə köçmüşdü.

Tədbirdə bildirilib ki, Birinci Qarabağ savaşında 83, 44 günlük Vətən müharibəsində isə 9 nəfər Ahıska türkü şəhidlik zirvəsinə ucalıb.

Çıxış edənlər Ahıska türklərinin tarixi, etnomədəni dəyərləri, məişəti,  folkloru, adət-ənənələri haqqında söz açıblar. Məktəblilər ədəbi-bədii kompozisiya təqdim ediblər.