Xəbər verdiyimiz kimi, 11-15 noyabr tarixində Mədəniyyət Nazirliyinin dəstəyi və Gənc Kinematoqrafçılar Mərkəzinin layihəsi ilə XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı (BBQFF) keçirilib.

Nizami Kino Mərkəzində keçirilən festivalın proqramına 72 film daxil edilib. BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyevin bildirdiyinə görə, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak edib.

Festivalın işinə uğurlar arzulayan Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov ümidvar olduğunu bildirib ki, kinosevərlər bir-birindən maraqlı və rəngarəng filmləri seyr edəcəklər.

Festivalın beynəlxalq münsiflər heyətində gürcü rejissor və prodüser Georgi Ovaşvili, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina və Boğaziçi Film Festivalının bədii rəhbəri olmuş türkiyəli prodüser Əmrah Kılıç yer alıb.

Yerli müsabiqə üzrə filmləri isə rejissor Mirsadıq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov və şair-publisist Qismət Rüstəmov dəyərləndiriblər.

Builki festivalın “Asiya istedadları” adlı xüsusi müsabiqə proqramında qalibləri kino tənqidçisi Aliyə Dadaşova və Əməkdar rəssam Rəşad Ələkbərzadə seçiblər.

Festivalın müsabiqədənkənar bölməsində müxtəlif təqdimatlar, o cümlədən “British Council”la əməkdaşlğın nəticəsi olaraq Britaniya Kino və Televiziya Sənətləri Akademiyası – BAFTA mükafatı namizədlərinin xüsusi təqdimatı yer almışdı. Festival çərçivəsində türkiyəli prodüser Əmrah Kılıç tərəfindən ustad dərsi keçirilib

Noyabrın 15-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və müxtəlif nominasiyalar üzrə qaliblərə “Qızıl nar” mükafatlarının təqdim edilməsi mərasimi olub. XIII BBQFF-nin yekunları barədə növbəti sayımızda.