Azərbaycan

 

20 noyabr 1910 – Yazıçı Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910-1985) Ordubad rayonunun Dəstə kəndində doğulub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.

20 noyabr 1930 – Tanınmış aktyor Gündüz Şəmsəddin oğlu Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Dədə Qorqud”, “Doğma sahillər” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Hekayələr yazıb, tərcümələr edib.

20 noyabr 1930 – Ədəbiyyatşünas, publisist, Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov (1930 – 18.11.1995) anadan olub.

20 noyabr 1935 – Xalq artisti, məşhur xanəndə, Qədir Çərkəz oğlu Rüstəmov (1935 – 14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.

20 noyabr 1956 – Azərbaycan teatr sənətinin görkəmli simalarından biri, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.3.1896 – 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.

20 noyabr 2020 – Xalq artisti, tanınmış diktor Sabir Məmməd oğlu Ələsgərov (27.10.1937 – 2020) vəfat edib.

 

21 noyabr 1926 – Ədəbiyyatşünas, yazıçı-publisist Nadir İsmayıl oğlu Vəlixanov (1926-1995) Şuşada anadan olub. Uşaq və yeniyetmələr üçün hekayə və povestlərin müəllifidir.

21 noyabr 2020 – Xalq artisti Əjdər Qüdrət oğlu Həmidov (28.9.1953 – 2020) vəfat edib. Sumqayıt teatrında çalışıb, 1990-cı ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

 

22 noyabr 1922 – Böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922 – 20.2.1984) Gəncədə doğulub. “Min bir gecə” baleti, simfonik muğamlar (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz”), “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. əsərlərin müəllifidir. Filmlərə musiqi yazıb.

22 noyabr 1922 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 – 12.12.2007) Bakıda anadan olub. Kitabları: “General”, “Ləpədöyəndə”, “Burulğanlar”, “Çəmbərəkənd balladası” və s.

22 noyabr 1933 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (1933 – 12.7.2006) Şəkidə doğulub. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı” və s. filmlərə quruluş verib.

22 noyabr 1933 – Yazıçı-jurnalist Firudin Balakişi oğlu Ağayev (1933-1995) Lerik rayonunda doğulub. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib.

22 noyabr 1938 – Xalq artisti, Dövlət mükafatı laureatı Həsən Ağaməmməd oğlu Məmmədov (1938 – 27.8.2003) Salyan rayonunda anadan olub. “Böyük dayaq”, “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar qalereyası yaradıb. Akademik Milli Dram Teatrında çalışıb.

22 noyabr 1940 – Müğənni, skripka ifaçısı, Əməkdar incəsənət xadimi, professor Rauf Zülfüqar oğlu Adıgözәlov (1940 - 29.6.2002) anadan olub.

22 noyabr 2012 – Xalq artisti, görkəmli aktyor Yaşar Məmmədsadıq oğlu Nuri (3.9.1951 – 2012) vəfat edib. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, filmlərdə yaddaqalan obrazlar yaradıb.

22 noyabr 2021 – Əməkdar incəsənət xadimi, bəstəkar Asya Baxış qızı Sultanova (16.10.1923 – 2021) vəfat edib.

 

Dünya

 

20 noyabr 1910 – Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 – 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Canlı meyit” (pyes) və s.

20 noyabr 1927 – SSRİ Xalq artisti Mixail Aleksandroviç Ulyanov (1927–2007) anadan olub. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı” və s.

 

21 noyabr 1694 – Fransız şairi, mütəfəkkiri və tarixçisi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694–1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s.

21 noyabr 1898 – Belçika sürrealist rəssamı Rene Fransua Gislen Magritt (René François Ghislain Magritte; 1898–1967) anadan olub.

 

22 noyabr 1869 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (André Gide; 1869–1951) anadan olub.

22 noyabr 1916 – Amerika yazıçısı Cek London (Jack London – John Griffith Chaney; 12.1.1876 – 1916) vəfat edib. “Martin İden”, “Dəmir daban”, “Dəniz canavarı” və s. romanların müəllifidir.

Hazırladı: V.Orxan