Azərbaycan opera ifaçılığı sənətində adı hörmətlə çəkilən sənətkarlardan biri də Əməkdar artist Rəhilə Cabbarovadır. Müğənni peşəkar səhnədə biri-birindən maraqlı obrazlarda çıxış edib. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub, gənclərin opera sənətini sevməsi və yetişməsi üçün əlindən gələni əsirgəməyib. Bu il sənətkarın anadan olmasının 100 illiyidir.

Rəhilə Muxtar qızı Cabbarova 24 noyabr 1922-ci ildə Tiflis şəhərində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərsə də, gənclik illəri qanlı-qadalı II Dünya müharibəsi illərinə təsadüf etdiyinə görə arzuladığı musiqi sahəsində təhsil ala bilmir. Müharibə zamanı hərbi xəstəxanada işə düzəlir. Müharibə başa çatdıqdan sonra arzusunu gerçəkləşdirmək istəyir. Xalq yaradıcılığı evində işə başlayır, sonra Gürcüstan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olur.

1947-ci ildə ailəsi Bakıya köçür. Rəhilə təzə-təzə isinişdiyi kollektivdən ayrılmalı olur. Ailəsinin məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) verir. Üçüncü kursda oxuyarkən istedadı görkəmli opera müğənnisi Şövkət Məmmədovanın diqqətini çəkir. Onun təklifi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürülür. Beləliklə, tale gənc müğənninin üzünə gülür. Professional sənət yolunda ürəklə addımlamaq üçün belə bir sənətkarın xeyir-duasını alır. Bu həm də onda özünəinam hissi aşılayır.

Araşdırmalarda qeyd edilir ki, gur və təmiz mezzo-soprano səsi olan Rəhilə Cabbarova teatrda tamaşaya qoyulan Azərbaycan və dünya bəstəkarlarının opera nümunələrində əsas partiyaları ustalıqla ifa edib. O, Xanəndə qız (“Koroğlu” – Ü.Hacıbəyli), Gülüş (“Sevil” – F.Əmirov), Maddalena, Flora Bervua, Azuçena (“Riqoletto”, “Traviata” və “Trubadur” – C.Verdi), Suzuki (“Madam Batterflyay” – C.Puççini), Amneris (“Aida” – Jorj Bize), Polina və Mlovzora (“Qaratoxmaq qadın” – P.Çaykovski), Lyubaşa (“Çar gəlini”– N.Rimski-Korsakov) və s. partiyaları yüksək professionallıqla oxuyub. Onun qabiliyyəti sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Opera ifaçılığı sahəsində nailiyyətlərinə görə əməyi yüksək qiymətləndirilən sənətkar 1958-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülür. Ömrünün müdrik çağlarında, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna dəvət olunan müğənni sənətin sirlərini gənclərə sevə-sevə öyrədir.

Qeyd edək ki, Rəhilə Cabbarova kinoda da özünü sınayıb. 1958-ci ildə “Kölgələr sürünür” filmində epizodik bir rola çəkilir. Maraqlıdır ki, filmdə onun canlandırdığı Cahan obrazı yaşca Rəhilə xanımdan xeyli böyük olub. 36 yaşlı Rəhilə Cabbarova yaşlı professor Sərdarlının həyat yoldaşı rolunda, qızı Leyla rolunda isə aktrisadan iki yaş böyük Leyla Bədirbəyli çəkilib. Filmdə Cahan cəmi üç-dörd epizodda görünür. Belə ki, kürəkəni Cavadovun saxtakarlıqla dolu namizədlik dissertasiyasının müdafiəsinə getmək istəməyən ərini dilə tutarkən, ata-qız arasında başlayan və tez keçən konfliktdə övladının tərəfini saxlayarkən. Bir də bu əhvalatın davamı olan epizodlarda. Sənətşünaslar qeyd edirlər ki, filmdə aktrisa nə qədər qrimlənsə də, yaşının öz qəhrəmanından xeyli az olması diqqətə çarpır. Bütün bunlara baxmayaraq, Rəhilə Cabbarova Cahan rolunu uğurla oynayıb.

1970-ci ildə F.Əmirovun “Sevil” operası əsasında film lentə alınanda Gülüş partiyası müğənniyə həvalə edilib.

Maraqlı ifaçılıq və pedaqoji fəaliyyəti ilə mədəniyyət tariximizdə iz qoyan Əməkdar artist Rəhilə Cabbarova 2 dekabr 2002-ci ildə, 80 yaşında vəfat edib.

Savalan Fərəcov